Abxaziyadakı qondarma erməni deputatlar DƏMİR YOLUNUN açılmasını tələb edirlər
Sozcu.info Gürcü “Forum.ge” portalına istinadla bildirilir ki, Abxaziyanın de-fakto parlamentin vitse-spikeri və Abxaziyada “qəhrəman” statusuna sahib olan Vaqarşak Kosiyan, digər erməni deputatlar Qalust Trapizonyan, Karapet Qaragözyan və Valeri Mairomyan Gürcüstana keçən dəmir yolunun qısa müddətdə açılmasının vacibliyini söyləyiblər. Onlar belə düşünürlər ki, Abxaziya dəmir yol hissəsinin bərpası nəinki yerli əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, Ermənistanın birbaşa Rusiya ilə kommunikasiya yaradacağına səbəb olacaq. Qondarma erməni deputatlarının fikrincə, de-fakto mərkəzi hakimiyyət məsələni gündəmə gətirməli, Rusiya, Ermənistan və Gürcüstanla ciddi müzakirə etməyə başlamalıdır. De-fakto paralamentin vitse-spikeri Vaqarşak Kosiyan belə hesab edir ki, bu həm də Abxaziyadakı erməni diasporasının tarixi vətəni olan Ermənistanla birbaşa əlaqə yaradacaq. Onun açıqlamasına görə, həmin dəmir yolunun bərpası mümkünlüyü Rusiya, Ermənistan və Gürcüstanın maraqları çərçivəsində həll olunmalıdır. O, Abxaziyadakı erməni diasporasının adı ilə məsələ ilə bağlı üç ölkənin rəhbərliyinə müraciət ünvanlanacağını söyləyib. V.Kosiyanın dediyinə əsasən, nə Türkiyə, nə də Azərbaycan bu dəmir yolunun açılması mümkünlüyünə əngəl ola bilməyəcək. O, əmindir ki, Abxaziya və Gürcüstan rəsmiləri bir masa ətrafında oturub məsələ ilə bağlı ümumi dil tapa biləcəklər. Məsələ ilə bağlı “Alia” (alia.ge) qəzetində Saakaşvilinin hakimiyyəti dövründəki XİN başçısının müavini Nikoloz Vaşakidzenin müsahibəsi dərc olunub. Onun açıqlamasına görə, hakimiyyət ictimaiyyətdən Abxaziyadakı dəmir yolu hissəsinin bərpası ilə bağlı Moskva və Yerevanla apardığı gizli danışıqların ətraflı məqamlarını gizlədir. Sabiq nazir müavininin fikrincə, bir qədər əvvəl Tiflisdə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstan rəhbəriyi ilə məhz bu məsələni müzakirə edib. Mətbuat konfransında isə hər iki tərəf jurnalistlərin suallarına belə cavab veriblər ki, aralarında dəmir yolu məsələsi müzakirə olunmayıb. N.Vaşakidze belə hesab edir ki, hakimiyyət xalqdan məsələnin ətraflı məqamlarını gizlətsə də, artıq etibarlı mənbələr Gürcüstan, Rusiya və Ermənistan arasında dəmir yolunun bərpası ilə bağlı sistematikdanışıqların aparıldığını təsdiqləyiblər. N.Vaşakidze belə deyib: “Abxaziya dəmir yolunun açılması Gürcüstan dövlətçiliyinə ciddi zərbə vuracaq. Tiflis bununla Abxaziyanın müstəqil dövlət kimi faəliyyət göstərməsini tanımış olacaq. Halbuki, bu dəmir yolu, ancaq ruslarla ermənilərə sərf edir. Bəzi qondarma ekspertlərimiz bəyanatlarında gürcülərin bununla abxazlarla daha da yaxınlaşacağını və Gürcüstan iqtisadiyyatına müsbət təsir göstərəcəyini söyləyirlər. Bu yalan fikirdir. Hakim”Gürcü Arzusu Koalisiyası”nın daxilində elə qüvvələr var ki, ölkədə birbaşa Rusiyanın maraqlarını güdürlər. Elələri də var ki, Gürcüstanın milli maraqlarını hər şeydən üstün tuturlar. Məhz ikinci tərəfə müraciət edirəm ki, Abxaziya dəmir yolunun bərpasına yol verməsinlər. Hakimiyyət daxilindəki “5-ci kolon” başını qaldırmağa başlayıb və koalisiyadakı Qərbyönlü qüvvələr buna imkan verməməlidirlər. Vaxtında qarşısını almalıdırlar”.