BAYIL yamacında TƏHLÜKƏ davam edir - SAKİNLƏR NARAZI və təlaşda
“Burada hez bir yapon mütəxəssisə rast gəlməmişik...” Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə zonasında təhlükə davam edir. Rəsmi məlumatalara görə, çatlar 8 metrə qədər artıb. Sürüşmə rayonun 7 hektar ərazisini əhatə edib. Sürüşmə zonasında yaşayan sakin Zahid Aslanov “Yeni Müsavat”a bildirib ki, onlara hələ ki, hez bir kirayə pulu və ya kompensasiya ödənilməyib: “Bizə bildirdilər ki, bu həftə ərzində konkret söz deyiləcək. Camaatın bir hissəsi gecələr məktəblərdə yaradılmış sığınacaqlarda gecələyirlər. Gündüz isə küçəmizə gəlib, ocaq qalayıb başına yığışırıq. Yanvarın 24-dən qazımız kəsilib. Ona görə də evdə qala bilmirik”. Sakinlər onu da bildirdilər ki, 163 nömrəli məktəbdə yaradılan sığınacaqda onların adlarından istifadə edənlər var. “Bizim bəzilərimiz qohumlarımızın evlərində gecələyib, orada qidalanırdıq. Bu gün məktəbə getdik, öyrəndik ki, heç Bayıla aidiyyəti olmayan adamlar adımızdan istifadə edib, naharlarını məktəbdə edirlər. Bundan sonra hamımız yemək üçün məktəbə gedəcəyik”. Məlumatlara görə, sürüşmə zonasında təhlükənin qarşısını almaq üçün yaponiyalı mütəxəssislərdən də istifadə edilir. Belə ki, Yaponiyanın seysmoloji xidmətinin nümayəndələri baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə Azərbaycan Nazirlər Kabinetinin iclasında iştirak ediblər. Virtualaz.org saytının məlumatına görə, hökumətin iclası Bakının Bayıl yamacında faciəvi sürüşmə prosesinə həsr edilib.
Yaponlardan başqa hökumətin iclasında Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, seysmologiya sahəsində məşhur mütəxəssislər iştirak ediblər. İclasda yapon mütəxəssislər yaranmış vəziyyətdən çıxış yollarının axtarılması üzrə öz təkliflərini veriblər. Onlar qeyd ediblər ki, təhlükəli sahədə tədqiqat işləri aparıblar. Qiymətləndirmələrə görə, texnogen vəziyyət hələlik əsas fazaya daxil olmayıb, buna baxmayaraq, təhlükə gözlənilməz nəticələrə gətirib çıxara bilər. Yaponiyalı mütəxəssislər müvafiq hesabatı yaxın bir həftə ərzində hazırlamalıdırlar. İstirahət günü olduğu üçün rəsmi єəxslərlə əlaqə yaradıb daha detallı məlumat ala bilmədik.
Lakin ərazidə yaşayan jurnalist Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, əslində ərazidə hansısa yapon mütəxəssisin işləməsinə rast gəlməyiblər: “Əvvəla, ərazidəki vəziyyətlə bağlı onu deyim ki, artıq 5 gündür ki, qazımız gəlmir. Elektrik isə iki gün verilməsə də sonradan verdilər. Hazırda işığımız yanır, ancaq suyu kəsiblər. Hələ ki, bu şəraitdə insanlar dözüb, yaşayırlar. Bizim ailə qohum evində məskunlaşıb. Ancaq mən özüm evdə qalıram. İlk gecə sığınacaq yaradılan məktəbə gedib, qeydiyyata düşdük. Lakin sonra ora getmədim. Müşahidə edib gördüm ki, orada yaradılan şərait hez də ürəkaçan deyil. Uşaqların, qadınların orada qalması çətin olar. Sakinlərin məktəbdə başqa adamların onların adına yemək yeməsi ilə bağlı söylədikləri də həqiqət ola bilər. Çünki cəmiyyətdə elə insanlar var ki, faciədən istifadə edirlər. Məsələn, burada kirayə qalan adamlar var ki, gedib icra hakimiyyətdən ev tələb edirlər. Ancaq faktiki, olaraq həmin adamlar Bayılda başqasının evində kirayə qalırdılar. Yaponlara gəlincə isə onlara ərazidə rast gəlməmişəm. Ümumiyyətlə, iki gündür ki, bura Mənzil İstismar Sahəsinin işçilərindən başqa kimsə gəlmir. Ola bilər ki, Teleqüllə tərəfdən kimsə gəlib, baxıb, gedir. Ancaq aşağıdan hansısa mütəxəssis gəlməyib. MİS-in işçilərinin də qarşısına kim çıxırsa, onlara deyirlər ki, evinizi tərk edin. O qədər məsuliyyətsiz bir situasiya yaranıb ki, sözlə ifadə etmək olmur. Bəyəm evdən çıxmaq paraşütlə tullanmaqdır ki, gedib başqa yerə düşəsən? İnsanlar illərlə əziyyət zəkib, şərait qurublar. Soyuqqanlı şəkildə necə ”evdən çıx" deyə bilirlər? İcra hakimiyyətli məlumat yayıb ki, kirayə pulu veririk. Şəxsən mən zəng eləmişəm, deyiblər ki, hələ 3-4 gün gözləyin. Məlumatı yayırlar, ancaq konkretləşdirmək istəyən adama deyirlər ki, gözləyin. Yaxşı, bu gözləmə müddətində camaat nə etməlidir? Bizim həyətə ən azı 6 nəfər gəlib, siyahı tutub. Hamısı da deyir ki, icra hakimiyyətinin işçisiyəm. Bilinmir ki, nə iş görürlər. Son iki gündə isə heç kim maraqlanmır. Ona görə də köçüb gedən insanlar da geri qayıdıb, öz mənzilində qalır. Görürlər ki, qeyri-ciddi iş aparılır. Heç bir kompensasiya, kirayə və digər məsələlər dəqiq deyil".