QARADAĞLI QƏTLİAMIndan 26 İL ÖTÜR...
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 26 il ötür. APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran erməni silahlıları fevralın 17-də kəndi işğalı ediblər. Qaradağlı indi də işğal altındadır.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin əsir götürüldüyü şahid ifadələri ilə sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.