QOVAQ VƏ SÖYÜD ağaclarını kəsən ŞƏXSLƏ BAĞLI prokurorluğa MÜRACİƏT EDİLDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. ETSN-nin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, keçirilən reyd zamanı İmişli rayon Əliyetməzli kəndi ərazisində, Kür çayının mühafizə zonasında 0,30 ha yaşıllıq sahəsində yaşköküstə 38 ədəd yulğun kolunun və 16-50 sm diametrliyində 21 ədəd qovaq və söyüd ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı yulğun kollarının və ağacların İmişli rayon Əliyetməzli kənd sakini Ceyhun Əbdülov tərəfindən kəsildiyi və təbiətə 8510 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.