“HAFKA”NIN ƏMLAKI SATIŞA ÇIXARILDI – “Biznesinin bir hissəsini oğlanlarının adına keçirib”
İyulun 13-də Britaniya Virgin adalarının Kommersiya məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited”ə qarşı iddiasına baxılaraq, cavabdehin ödəmə qabiliyyətinin olmaması faktı təsdiq edilib.
Hadisənin tarixçəsi belədir ki, 2012-ci ildə Baghlan Group “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında $150 mln. məbləğində istiqrazlar yerləşdirib. Qiymətli kağızlar yüksək faizlə yerləşdirildiyindənmi, cəlb olunan vəsaitin istifadəsinin səmərəsizliyindənmi, bir müddət sonra Baghlan onlar üzrə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkib. İyun ayında istiqrazların tam ödənilməsi baş verməli idi.
Bu şirkət azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsusdur. Hüquqşünas Xalid Ağəliyev Azadlıq Radiosuna deyib ki, Azərbaycan qanunvericiliyinə görə, şirkətin müflisləşmə davası açılarkən, iddia tələbini yerinə yetirmək üçün cavabdehdə kifayət qədər pul vəsaiti və digər əmlak olmazsa, o zaman borc üzrə öhdəliklərin icrası üçün tələb olunan vəsait ona məxsus digər əmlaklara da yönəldilə bilər. “Güman edirəm ki, Virgin adalarının qanunvericiliyi də Hafiz Məmmədova məxsus başqa ölkədəki əmlakın satışa çıxarılmasını istisna etmir”, deyə hüquqşünas bildirib. Ana şirkətin saytında (http://baghlangroup.com/our-activities.html) yazılır ki, o, inşaat, nəqliyyat, yük daşımaları, hasilat və s. sahələrdə çalışır. Qrup milli bukmeyker kontoru olan “Topaz” şirkətində də marağı olduğunu bildirir.
Bundan başqa, Hafiz Məmmədov biznesinin bir hissəsini oğlanları Sənan və Kənanın adına ötürüb. Şirkətlərin bir hissəsi “KSM Group of Companies” adı altında birləşib. Qrupa gəmiçilik və yük daşımaçılığı, nəqliyyat, turizm, tikinti, idman, xidmət sahələrinə aid bir neçə şirkət (“Alfa Caspian Shipping”, “Logestics group”, “BQ trans”, “City Bus”, “Ramada Hotel & Suites Baku”, “Baku fans”, “Elit Catering”, “Kono Pizza”, “Candy Boquet” və s.) daxildir. Əlavə olaraq qardaşlar “Bank of Azerbaijan” ASC-yə birgə nəzarət edirlər.
Beləliklə, ləğvetmə işlərini aparmaq həvalə olunan C. Ayres bildrib ki, iyulun 29-dək kreditorlar öz tələblərini təqdim etməlidirlər. Bir gün sonra isə PWC-nin Virgin adalarındakı ofisində ləğvetmə komissiyasının yaradılması məqsədilə kreditorların və onların nümayəndələrinin görüşü keçiirləcək. Qərarın qəbul edilməsi üçün borc sahiblərinin yarısının iştirakı tələb olunur. (AzPolitikainfo/az)