14 rayonun icra başçısı həbs oluna bilər...

14 rayonun icra başçısı həbs oluna bilər...Prezident İlham Əliyev bu vaxta qədər Nazirlər Kabinetinin iclaslarında yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərini bir neçə dəfə sərt formada tənqid edib.

Ölkə başçısı bununla yanaşı, onun tapşırdığı işləri layiqincə yerinə yetirə bilməyən, vətəndaşlara əlavə problemlər yaradan və özünü normal apara bilməyən bəzi məmurları cəzalandırıb. Yaxın günlərdə daha bir neçə məmurun, əsasən də icra başçılarının cəzalandırılacağı gözlənilir. Xatırladaq ki, hələ Birinci Avropa Oyunları başlamamışdan əvvəl bu haqda söz-söhbət gedirdi. Oyunlar başa çatandan sonra gözlənilən kadr islahatlarının siqnalları verilməyə başladı. Belə ki, bəzi şəxslərin işdən azad edilməsi digərlərini də təşvişə saldı. Mötəbər mənbələrin məlumatına görə, qarşıdan gələn parlament seçkilərinə qədər 14 rayonun icra başçısı tutduğu vəzifədən kənarlaşdırıla, hətta barələrində cinayət işi açıla bilər.

Hədəfdə olan məmurlardan biri kimi Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov göstərilir.Bildirilir ki, 2006-cı ildən etibarən rayona rəhbərlik edən icra başçısı Xətai rayonunu bərbad hala saldığı üçün cəzalandırılacaq. Mənbənin sözlərinə əsasən, son 9 il ərzində Xətai Rayon İcra Hakimiyyətinə ayrılmış büdcə vəsaitlərinin hara xərclənməsi də yoxlanacaq: "Rayonun hazırkı durumuna nəzər yetirəndə başçının necə işlədiyini müəyyən etmək olur. Razim Məmmədov Xətai rayonunu yaman günə qoydu, sıx yaşıllıqların məhv edilməsinə şərait yaratdı. Hazırda rayon ərazisində boş torpaq sahəsi tapmaq müşkül məsələdir. Məhz bunu, eləcə də yerli sakinlərin başçıdan saysız-hesabsız şikayəti nəzərə alınaraq Razim Məmmədovun dəyişdirilməsinə qərar verilib. Bununla yanaşı, başçının barəsində həbs-qətimkan tədbirinin seçilməsi də gündəmdə olan məsələlərdəndir".

Fəaliyyətində sayı-hesabı bilinməyən nöqsanların olduğu deyilən icra başçılarından biri də Vaqif Abdullayevdir.Məlumat üçün bildirək ki, o, 2012-ci ildən Beyləqan Rayon İcra Hakimiyyətinə rəhbərlik edir. Lakin mətbuatda yazılanlar onu göstərir ki, icra hakimi arxada qalan 3 il ərzində nəinki rayondakı köhnə problemləri həll edib, əksinə camaatın dolanışıq səviyyəsinin daha da aşağı düşməsinə rəvac verib. Bizə çatan məlumatlara görə, son vaxtlar Beyləqanda başçıya qarşı etirazların sayı kəskin şəkildə artıb: "Rayonda sosial vəziyyət olduqca acınacaqlıdır. İnsanlar iş yeri tapa bilmədikləri üçün məcburiyyət qarşısında rayonu tərk edir. Vaqif Abdullayevin gəlişindən sonra rayonda həm işsizlik, həm də digər məsələlərlə bağlı problemlər artıb. Yerli idarələrdə məmur özbaşınalığı dözülməz həddə çatıb. İdarə və müəssisə rəhbərləri vətəndaşları bilərəkdən süründürməçiliyə məruz qoyur, onları başqa üsullara baş vurmağa vadar edirlər. Artıq yerli sakinlərin belə hallara tab gətirməyə gücü qalmayıb. Sakinlər icra başçısının və onun komandasının idarəçiliyindən narazılıq edirlər. Rayon rəhbərinin həyata keçirdiyi qanuna zidd əməllər yuxarı dairələrdə ciddi şəkildə müzakirə edilməkdədir. Yayılan söz-söhbətə görə, yaxın günlərdə rayona yeni icra başçısı təyin edilə bilər. Vaqif Abdullayevin barəsində isə cinayət işinin açılacağı qeyd olunur".

Fəaliyyəti qənaətbəxş hesab edilməyən icra başçılarından biri də Şəkinin rəhbəri Elxan Usubovdur. 2011-ci ildən bu vəzifədə işləyən icra başçısı prezidentin imzaladığı fərman və sərəncamların layiqli şəkildə icra edilməsində hələ ki, müsbət töhfəsini verə bilməyib. Hər halda, ayrı-ayrı mətbuat orqanlarında dərc olunan tənqidi yazılar belə deməyə əsas verir. Qısa araşdırmalar göstərir ki, son illərdə Şəkinin sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi təyinatdan kənar xərclərə sərf edilir. Bəzi mənbələr isə bildirir ki, başçı həmin vəsaitlərlə özünə iri biznes şəbəkəsi yaradıb. Özəl qaynaqların verdiyi məlumatda Elxan Usubovun sentyabr ayına kimi vəzifəsindən alınacağı iddia olunur.

Deyilənə görə, həbs və vəzifədən çıxarılma təhlükəsi olan digər icra başçıları isə aşağıdakılardır:

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev,

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov,

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev,

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev,

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev,

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev,

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov,

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov,

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev.


P.S. Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Gündəlik Bakı






Fikirlər