General yeni hərbi hissə kompleksinin açılışında - FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sər­həd dəs­təsinin xidməti ərazisində yeni hərbi his­sə kompleksi istifadəyə verilib.

DSX-dən verilən məlumata görə, bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Xid­mət rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd­çi­sinin döv­­lət­­çiliyimizin və sərhəd­lərimizin keşi­yində ayıq-sayıq dayandığını, Dövlət Sər­həd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliy­yət­ olduğunu bildi­rib, Ali Baş Komandanın qayğısı sayə­sində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yara­dıl­ma­sını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən ke­çən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilmə­si istiqamətində mühüm addım olması xüsusi vurğu­laıb, Azərbay­can sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olması bildirilib.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başcısı Rəcəb Ba­başov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzula­mış­dır. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif­lən­dirilib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilib. 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min m2 sahədə inşaat işləri aparıl­mış, xidməti-döyüş fəaliyyətinin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yara­dıl­ıb. Yeni hərbi hissədə qərargah və ida­rəetmə böl­mələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çuların kazarma bi­naları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mən­zil, tibb mən­təqəsi, tex­niki təyinatlı bina­lar, su anbarı inşa olunub.

Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun ifaları, şəxsi he­yət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən bö­yük rəğbətlə qarşılan­ıb.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziy­yəti yoxlanılıb.






Fikirlər