Bu gün Əbülfəz Elçibəyin vəfatından 15 il ötür – VİDEOLAR
Qeyd edək ki, Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı ortaməktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihəİnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərəktarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbəmüdiri, aparıcı elmi işçi, elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdı. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub.
7 iyun 1992-ci ildə Azərbaycan Respublikasının prezidenti seçilən Əbülfəz Elçibəyin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaqvə müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə rus ordusu Azərbaycandan çıxarıldı.
Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Ləl-Cəvahirat Fondu təşəkkül tapdı.
Ə.Elçibəyin prezidentliyi dövründə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı.
Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.
Elçibəyin prezidentliyi dövründə Təhsil haqqında qanun qəbul edildi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı.Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır.
Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı.
Gəncədə baş vermiş hərbi qiyamdan sonra prezident Əbülfəz Elzibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davametdirdi.
1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin “Qafqazda ən böyük demokrat” adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi (1997).
Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Milli Azadlıq Hərəkatının lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə qardaş Türkiyənin Ankaraşəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüzminlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.
Allah rəhmət eləsin!