BU İL 350 TƏLƏBƏ TƏHSİL ALMAQDAN İMTİNA ETDİ – Əsas səbəb nədir?
Bəlkə də bu, ilk baxışdan bir çoxlarına ölkə əhəmiyyətli problem kimi görünməyəcək, amma yüksək bal toplayaraq universitetlərə qəbul olunan, fəqət ali təhsil almaqdan imtina edən gənclərin hərəkəti ciddi problemdir. Gələn həftə orta məktəblərdə olduğu kimi, ali məktəblərdə də yeni dərs ili başlayır, artıq ali məktəblərin birinci kursuna qəbul olunmuş tələbələrin qeydiyyatı başa çatıb və məlum olub ki, tələbə adı qazanmış bir xeyli gənc universitetlərinə gələrək qeydiyyatdan keçməyiblər, başqa sözlə, ali təhsil almaqdan imtina ediblər. Modern.az saytıın araşdırmasına görə, bu cür gənclərdən 90-ı Bakı Dövlət Universitetinin, 10-u Azərbaycan Dillər Universitetinin, 58-i Azərbaycan Texniki Universitetinin, 53-ü Azərbaycan Neft və Sənaye Universitetinin, 26-sı Bakı Slavyan Universitetinin, 63-ü Azərbaycan Dövlət İqtisad Universitetinin, 31-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 20-si Memarlıq və İnşaat Universitetinin payına düşür. Söz yox ki, bu, bir tendensiya olduğundan adı çəkilməyən o biri universitetlərdə də qəbul imtahanlarını uğurla verən, tələbə adı qazanan, amma ali təhsil almaqdan imtina edən gənclər olub.
Bu imtinaya səbəb kimi bir çox gənclərin öncədən arzu etdikləri ixtisaslar üzrə olan fakültələrə düşə bilməməsi, xaricdə təhsil almaq arzuları göstərilsə də, bu, tam olaraq elə deyil. Düzdür, ali təhsil almaqdan imtina edənlər arasında elələri də ola bilər və mütləq var, amma əsas səbəb, yəqin ki, pullu təhsillə bağlıdır. Araşdıranda aydın olur ki, universitetlərə qəbul olunan, ancaq ali təhsil almaqdan imtina edən gənclər əsasən dövlət sifarişi ilə təhsil almaq imkanından məhrum olan, başqa sözlə, pullu təhsil almağa məcbur olanlardır. Bu, lap çoxdan bəlli olan bir həqiqətdir ki, tələbə oxutmaq çətindir. Hətta universitetlərdə təhsilin ödənişli olmadığı dövrlərdə də tələbə valideynləri övladlarının yaşayışını təmin etmək üçün ciddi sıxıntı çəkirdilər. Hər şeyin bahalı olduğu paytaxtda və iri şəhələrdə tələbənin yaşaması üçün ev kirayələmək, onu azuqə ilə, geyim-kecimlə təmin etmək, gündəlik nəqliyyat və rabitə xərclərinə vəsait ayırmaq üçün ayda nə qədər nağd pul göndərilirdi. İndi isə bu xərclərin üstünə bir də bəri başdan universitetin büdcəsinə ödənilməli olan vəsait gəlib. Bu isə, camaatın yerlərdə istifadə etdiyi ifadə ilə desək, “bir ətək pul”dur. Övladlarına təhsil vermək, onlara “adam içinə çıxıb adam olmaq” imkanı vermək istəyən valideynlər bu qədər pul qazanmırlar. Bəlkə də onlar tələbənin minimum yaşayışını pis-yaxşı təmin edə bilərlər, amma o “bir ətək pul” nağd şəkildə aparıb universitetin xəzinəsinə köçürə bilmirlər.
Bəziləri bundan ötrü qohum-qardaşından borc alır, banklardan kredit götürür, bəziləri qızıl-zinət əşyalarını, evinin xalça-palazını, qapısının mal-qarasını satır, axır ki, o məbləği düzəldir. Amma satmağa heç nəyi olmayanlar, yaxud da kiminsə üstünə borc almağa getməyə üzü gəlməyənlər də var. Bax, belə olanda sonuncu variant seçilir: ali təhsil almaqdan imtina etmək, “yaxşı universitet”in “pulsuz fakültəsi”nə daxil olmağı gələn ilə saxlamaq… Böyük ölçüdə məsələnin mahiyyəti budur. Yoxsa illərlə ali təhsil almaq eşqiylə dərs oxuyan, repetitor yanına gedən, sınaq imtahanlarında iştirak edən, sonda qəbul imtahanlarını uğurla verən, tələbə adı qazanan, ixtisas seçən bu qədər gənc birdən-birə niyə qeydiyyatdan keçməsin, oxumaqdan imtina etsin?
Demək ki, onları buna vadar edən ciddi səbəb, həlledilməz müşkül var. Uzun sözün kəsəsi, dövlət bu məsələ bir əncam çəkməlidir. İldən-ilə bariz şəkildə, bütün çılpaqlığı ilə ortaya çıxır ki, aztəminatlı ailələrin istedadlı övladları sırf kasıbçılıq üzündən təhsillərini davam etdirə bilmirlər. Bunun beş misli qədər gənc isə təhsillərini maddi sıxıntılar içində başa vururlar. Universitetlərə ödənilən təhsil haqqının da həcminə yenidən baxılmalıdır, dövlət sifarişi ilə qəbula ayrılan yerlərin miqdarına da. Məsələyə Finlandiyada olduğu kimi yanaşmaq və anlamaq lazımdır ki, bu təhsildir, ticarət deyil. Hər bir millətin gələcəyini, rifahını, təhlükəsizliyini təmin edən əsas amil məhz təhsildir. Yerdə qalanı əfsanədir.(musavat.com)