YAXIN ŞƏRQ 11 SENTYABR TERRORUNDAN SONRA NECƏ DƏYİŞDİ? - Hər şey plan üzrə gedirmi? (TƏHLİL)

Nyu-Yorkdakı əkiz qüllələrə olan terror hücumundan sonra dünyanın geopolitik xəritəsində çox şey dəyişdi. Hətta “hər şey dəyişdi” də desək, o qədər şişirtmiş olmarıq.
Bu terror aktı həm Yaxın Şərqin, həm də ABŞ-ın tarixində mühüm rol oynadı. Eyni zamanda Amerika ilə Şərqin siyasi talelələrini yaxınlaşdırdı, sıx əlaqə yaratdı. Məhz ona görədir ki, NATO qoşunlarının Əfqanıstana soxulmasından bəri, NATO və ABŞ-ın gündəmində Yaxın Şərq önəmli rol oynayır, Vaşinqton öz siyasi rəqibləri Moskva və Pekinə zərrə qədər güzəşt etməməyə çalışır.

Bir az əvvələ baxaq…

“Şərq məsələsi”ndə üstünlük və ya kuratorluq II Dünya Müharibəsindən sonra London və Parisdən Vaşinqtona keçmişdi.
Dünya ictimaiyyətinin, BMT-nin təzyiqi (daha çox Amerikanın siyasi dairələrinin) altında Böyük Britaniya və Fransa öz müstəmləkə və protektoratlıqlarından geri çəkilməli oldu. Bunda ABŞ-SSRİ ortaqlığını da qeyd etmək olar. Çünki Moskvadakı kommunist rejiminin ərəb dünyasında öz maraqları var idi. 1960-70-ci illərdə Yaxın Şərqdə müxtəlif vaxtlarda sovet dayaqlarının güclü olması, Moskvadan dəstəklənən BƏƏS-çilərin üstünlük qazanması Britaniya himayəsindən məhrum olan ərəb monarxlarını ABŞ himayəsi altında və neft dollarları arxasında “barrikada” qurmağa vadar elədi.
ABŞ-ın əsas şərti də bu idi. Vaşinqtonun İsraili dəstəkləməsindən incik düşən ərəblər heç hara qaça bilməzdilər. Çünki tərəfləri birləşdirən əsas məsələ – pul amili var idi. Monarxlar neft satışından milyardlar qazanmaqla həm əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa, həm də ABŞ-ın hərbi dəstəyindən yararlanmağa çalışdılar.
1970-ci illərin sonunda ABŞ-ın İranı itirməsi onu Pakistan amilinə diqqət ayırmağa vadar elədi. Digər tərəfdən Vaşinqtonun İraqa verdiyi dəstək də özünü doğrultmadı. Çünki bir zamanlar İran İslam Respublikasına və şiə təbliğatlarına qarşı güclü “qalxan” hesab edilən Səddam Hüseyn digər tərəfdən SSRİ ilə də münasibətlər saxlayır və digər ərəb monarxlarını, eləcə də ABŞ diplomatlarını qıcıqlandıran bəyanatlar verirdi. Liviyada qıcıqdoğuran bəyanatları ilə avantürist obrazı yaradan Qəddafi də Qərbə meydan oxuyurdu, lakin onun iqtisadi əlaqələrdə etdiyi manevrlər, əvvəl Küveytin İraq tərəfindən işğalı, sonra Əfqanıstanın ABŞ tərəfindən işğalı, sonra İraqa müdaxilə prosesləri Qəddafinin ömrünü uzatmış oldu. Lakin bütün bu “nicat”lara baxmayaraq, Qəddafi uzun illər terrora dəstək verən şəxslər siyahısında olub və Qərbin tənqidlərindən uzaq qalmayıb.
SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanı yerli əhalini – müxtəlif dillərdə danışan, müxtəlif tayfa prinsiplərinə bağlı olan insanları ancaq din amili ətrafında birləşdirmək olardı. “Taliban” və “Əl-Qaidə” bu istiqamətdə işə yaradı. 1980-ci illərdə Üsamə Bin Laden Qərb mediasında “cəngavər” və “qəhrəman” kimi təqdim olundu. Lakin 1990-cı illərin sonunda ya bilərəkdən, ya da bilməyərəkdən ABŞ və “Əl-Qaidə” arasında ziddiyyətlər ortaya çıxdı.
Şimali Qafqazda da “Əl-Qaidə”nin dayaqları bərkimiş oldu – hətta Çeçenistan müharibəsində məğlubiyyətə baxmayaraq, Qafqaz müsəlmanları və postsovet respublikaların müsəlman vətəndaşları arasında Bin Laden simpatizanlarının sayı artmağa başladı.
“Taliban” və Bin Ladenin əlində Əfqanıstan var idi. Şəriət əsasında dövlət qurulmuş, islamçı ordusu formalaşmışdı. Taliblərin artan maliyyə rıçaqları sosial baza baxımından mühüm rol oynayan, 1 milyarda yaxın əhalisi olan Pakistandan da “mücahid” cəlb etməyə, həm çoxsaylı ordu yaratmağa, həm də Pakistanda nəzarəti ələ keçirməyə imkan verirdi. Pakistanın şimalında və qərbində taliblər indi də çoxluq təşkil edir və rəsmi İslamabad onlarla açıq-aşkar qarşıdurmaya getməkdə ehtiyat edir.
Radikal sələfi ideologiyasının ekstremist ruhunu da danmaq olmaz və bu ideologiya ilə “yüklənmiş” insanların dünyəvi dəyərlərə qarşı düşməncil və ifrat aqressiya ilə yanaşması dünya ictimaiyyətini narahat etməyə başlamışdı. Həm də bir məqam vardı ki, ABŞ açıq-aşkar özünə qarşı şüarların səsləndirildiyi, meydan oxunulan ikinci bir “İran”ın mövcudluğunu istəmirdi. Əfqanıstana kimsə müdaxilə etməli idi.

Bu kimsə isə məhz ABŞ olmalı idi

9-11-september-11-2001-32144989-1024-76811 sentyabr terrorundan sonra ABŞ qisas üçün hərəkətə keçdi. Ciddi bir hazırlıq da olmadı, çünki amerikalıların patriotik hislərindən və xalqın qəzəbindən istifadə edən Corc Buş “dəmiri isti-isti döyməyə” qərar verdi. Düzdür, hərbi büdcə də genişləndi və yeni növ silahların istehsalı sürətləndi. Lakin ilk mərhələdə ABŞ ordusunun müdaxiləsində orta əsrlərdə olan yürüşlərin əhvalı hiss olundu. Amerikalılar arasında orduya könüllü yazılanların sayı artırdı, bu isə yüz minlərlə, hətta milyonlarla qüvvə demək idi. Oğul Corc Buşun “səlib yürüşü” bəyanatı dünya ictimaiyyətində və İslam Dünyasında səs-küyə səbəb olsa da, mühafizəkar xristianlar və ifrat sağçılar arasında simpatizanların artmasına kömək etdi. Təsadüfi deyil ki, Avropanın bir çox mühafizəkar xristian təşkilatları və ifrat sağçı qüvvələri ikiəlli ABŞ-ı dəstəklədilər. İlk əvvəl Fransa tərəfindən tərəddüdlər hiss olunsa da, Böyük Britaniyanın ABŞ-a dəstək verməsi “Köhnə dünya”da narazılığı kəsməyə kömək etdi.

Keçək nəticələrə

NATO öz hesabatlarında Əfqanıstanda ölən mülki əhalinin sayını açıqlamasa da, müxtəlif mənbələrdə yer alan məlumatlar ürəkaçan deyil. 2001-ci ilin 7 dekabrına qədər olan hücumlarda 2 ayın içində 60 min Əfqanıstan vətəndaşı həlak olub. İtkilər sonrakı illərdə də davam edib.
Təkcə 2014-cü ilin yanvar-noyabr aylarında Əfqanıstanda 3200-ə yaxın dinc Əfqanıstan vətəndaşı öldürülüb, 6500 vətəndaş yaralanıb. Onlardan üçdə birinin uşaq olduğu deyilir. Əgər müharibə getmirsə və terrorçular sıxışdırılıbsa, bu qədər itki nəyə görə idi? 2004-2009-cu illərdə isə 25155 mülki əfqan öldürülüb.
“Öldürülüb” deyərkən, onların çoxunun NATO zərbələri və amerikalı əsgərlərin “reydləri” nəticəsində öldürüldüyü deyilir, amma dəqiq rəqəmlər açıqlanmır.
Əfqanıstanda narkotik ticarəti də əvvəlkinə nisbətən bir neçə dəfə artıb, Kabil rəsmilərinin açıqlamasına görə, 2014-cü ildə Əfqanıstanın şimalında narkotik əkini və ticarəti ilə məşğul olan qruplar bu “iş”dən 70 milyard dollara yaxın gəlir əldə edib.
ABŞ rəsmilərinin özü də etiraf edib ki, Əfqanıstanda terroru və “Taliban” qüvvələrini məhv etmək mümkün olmayıb. Ekstremistlər dinc əhaliyə qarışa və ya dağlara çəkilə bilər. Bu prosesin və Əfqanıstanda Qərb mövcudluğunun hələ çox davam edəcəyi şübhə doğurmur.

İraqın da işğalından sonra hər şey “rahat”laşdı

2003-cü il martında İraqa müdaxilə edən ABŞ və Böyük Britaniya iddia etdikləri kütləvi qırğın silahlarını tapmasalar da, Şərqdəki üstünlüyü yenidən bərpa etmiş və təsdiqləmiş oldular. İrana təskinlik verən sadəcə şiə qruplarının hökumətdə yer alması oldu.
Amma İraq Kürdüstanında kürd muxtariyyətinin formalaşması, ABŞ-ın açıq və ya gizli dəstəyi ilə kürd silahlı dəstələrinin artması və PKK-nın da bu dəstəkdən faydalanması nəinki İraqı zəiflətdi, həm də Türkiyə və İran üçün də təhdidləri artırmış oldu.

Hazırda baş verənlər

964242011-ci ildə Tunis və Misir inqilabları (daha sonra Qahirədə hakimiyyətə gələn Mursi və “Əxvanül-Müslimin” Hərəkatının devrilməsi), paralel olaraq Qəddafinin devrilməsi, daha sonra 4 ildir Suriyada davam edən müharibə, İŞİD-in “doğuluşu”, Qəzzada müharibə, Yəmən müharibəsi, İranla nüvə sazişi, Türkiyənin PKK ilə müharibəyə sürüklənməsi və kürdəsilli Türkiyə vətəndaşlarının qızışdırılması…
Bu proseslər bir-birinə zəncirvari bağlıdır. Həm də mesaj sayıla bilər. İranla nüvə sazişi Türkiyədə terror aktlarının intensivləşməsi ilə eyni vaxta düşür. Bu, Tehran üçün heç də təsadüf deyil. Türkiyənin zərbələrindən qaçan kürd terrorçuları İran ərazisindəki PJAK dəstələrinə sığınır və bu təşkilatı qüvvətləndirirlər. Son zamanlar İran polisinə hücumların da sayı artıb. Bu o deməkdir ki, növbəti mərhələdə oxşar problemlər İran üçün də gözləniləndir. İranın mühafizəkar dairələrini də məhz bu narahat edir: Qərblə “inteqrasiya” adı altında daxili ünsürlərin fəallaşması İslam respublikasını çökdürə bilər.
Digər tərəfdən, Suriyada İŞİD-ə qarşı mübarizədə kürd dəstələri ilə ittifaqa girməyə çalışan Tehran kürdləri “sakitləşdirmək və könlünü almaq” taktikasına əl atır və Ankaraya terrorçularla sülh danışıqlarına getmək çağırışı edir.
Lakin Tehranda yaxşı bilirlər ki, regionda kürd separatizmi və PKK amilinin fəallaşması İranın “qulağının dibində” təhlükə yaradır və Rusiya ilə daha da yaxınlaşmağa cəhd edir.
NATO-nun Türkiyəni lazımi səviyyədə dəstəkləməməsi bu ölkədə terrorun kökünün kəsiləcəyi ehtimalını azaldır. Bunu Ankara da, Tehran da görür. Ankara-Tehran münasibətləri sabit olsa da, Tehran hazırda “bəla məndən uzaq olsun” deyirmiş kimi, bitərəflik taktikası göstərməyə çalışır.
Suriyanın Rusiyaya ərazisində geniş imtiyazlar təqdim etməsi, Avrasiya İttifaqına qoşulmağa can atması və Moskvadan böyük dəstək də görməsi ABŞ-ın Yaxın Şərqdə möhkəmlənməsinə müəyyən qədər mane olur.

Proseslər hara aparır?

Hazırda ABŞ və NATO qüvvələrinin qarşısında Rusiya-Çin dueti durur. Bu, müharibənin vahid qalibini müəyyən etməyə imkan verməsə də, nəticədə zərəri Yaxın Şərq görür. Çünki rəqabət və münaqişələr uzanır, müxtəlif güclərin silahlandırdığı yerli xalqlar bir-birinin qanını tökür.
Yəməndə baş verənlər isə qardaş qırğınının ən iyrənc təzahürüdür. Şiə-sünni savaşı və ərəb dövlətlərinin Yəmənə müdaxiləsi bu bölgədə növbəti İran-Ərəb qarşıdurması üçün də zəmin yaradır…
Hər halda, son 14 ildə baş verənlərdən belə qənaətə gəlmək olar ki, ya bölgə ilə bağlı konkret və sabit plan yoxdur, ya da hər şey elə plan üzrə gedir – sadəcə bu plan çox vaxt alacaq…
Bayaq qeyd etdiyimiz ki, güclərin qarşıdurması sadəcə daha çox qan tökülməsinə xidmət edir.
Əkiz qüllələrə hücum zamanı 19 terrorçu ilə birlikdə 2996 insan ölmüşdü… Amma bu 14 ildə terrordan və “anti-terror” əməliyyatlarından ölənlərin sayı bu rəqəmdən yüz dəfələrlə çox olub.

Yenə nələr gözləyək?

Bu dəfə Yaxın Şərqdən Avropaya “böyük köç” müşahidə olunur. Yəqin ki, bu “köç”ün də fəsadları az olmayacaq… Lakin bunun bir tərəfdən faydası oldu. Hazırda Avropa siyasiləri bəlkə də ilk dəfə səmimi olaraq Yaxın Şərqdəki müharibələrin bitməsini arzulayırlar. Bir tərəfdən Donbas böhranı ilə gərgin olan Brüssel bu tərəfdən Suriya məsələsində Rusiya ilə dil tapmağa məcburdur.

Çünki seçicilər konkret addımlar tələb edirlər. Bu tələblər nəticə verəcəkmi?… Bir az Vaşinqtonun icazəsindən, bir az da Moskvanın iradəsindən asılı olacaq.

Rüfət Əhmədzadə
AzPolitika.info







Fikirlər