Azərbaycanda 6 yaşlı uşaq qripdən ölüb? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. "AzerTaym.az" bildirir ki, C.İsayev Trend-ə açıqlamasında Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da bu müəssisədə koronavirusdan ölüm halının baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İnstitutdan Trend-ə bildirilib ki, bu səhiyyə müəssisəsinə koronavirusa yoluxmuş heç bir xəstə yerləşdirilməyib və koronavirusdan ölüm faktı qeydə alınmayıb: "Nəinki bu institutda, ümumiyyətlə, Azərbaycanda koronavirusdan ölüm halı baş verməyib. İndiyədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb". Məlumat üçün bildirək ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda koronavirusla əlaqədar xüsusi palatalar ayrılıb. Koronavirusa yoluxma və ya yoluxmada şübhəli hal qeydə alınarsa, belə xəstələrin stasionar müalicəsi həmin palatalarda aparılacaq. Xatırladaq ki, yanvarın 30-da Çinin Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Tələbələrin heç birində koronavirus xəstəliyi aşkarlanmayıb.