XALQ ARTİSTİ Rafiq Əliyev VƏFAT etdi

Xalq artisti Rafiq Əliyev vəfat edib.

  Bu barədə APA-ya mərhumun həyat yoldaşı aktrisa Şəfəq Əliyeva bildirib.
O, uzun sürən sürən xəstəlikdən sonra dünən gecə saatlarında dünyasını dəyişib.

Aktyorla vida mərasimi evində olacaq.

Rafiq Əliyev Maştağa qəsəbəsindəki qəbirstanlıqda anasının yanında dəfn ediləcək.
Modern.az-ın məlumatına görə, aktyor və teatr rejissoru  R.Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1968-ci ildə Bakıdakı 58 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsində ali təhsil alıb. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub. Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar yaradıb.

Teatrda işləməklə yanaşı Rafiq Əliyev "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən çox bədii filmə çəkilmişdir. Onlardan "Babamızın babasının babası"nda reportyor, "Ötən ilin son gecəsi"ində Süleyman, "Üzeyir ömrü"ndə Əli Terequlov, "Qəm pəncərəsi"ndə general-qubernator, "Ələqə" filmində astrofizik və psixiator, "Lətifə" filmində komsomol rəhbəri, "Cansıxıcı əhvalat"da ortancıl qardaş, "Ailə dairəsi"ndə Qarif, "Nə gözəldir bu dünya"da Ramiz, "Otel otağı" filmində ingilis professoru Luis obrazları xüsusi ilə fərqlənir. 
1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorluq kimi fəaliyyət göstərirdi.
Rafiq Əliyevin rejissor fəaliyyəti təkcə Gənc Tamaşıçalar Teatrı ilə bitmir.

"İbrus" teatrında "Şirə bənzər", Akademik Milli Dram Teatrında "Hamlet", İstanbul Bələdiyyə Teatrında "Arslana bənzər", Qazax Dövlət Dram Teatrında "Alov" onun bir rejissor, kimi uğurla tamaşaya qoyduğu əsərlərindəndir.

Çoxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyev həmçinin bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi də çalışıb. 
Teatr və kino fəaliyyəti ilə yanaş, Rafiq Əliyev uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqili Teatr Aktyoru fakültəsində pedoqoji fəaliyyət göstərirdi.

2004-cü ilin mayında Azərbaycan Teatr Xadimləri İttifaqının Konfransında İttifaqın yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsinə seçilmişdi. Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə respublikanın Əməkdar artisti, 2007-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdü.

Allah rəhmət eləsin.






Fikirlər