Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev 2017-ci il avqustun 13-də ömrünün 58-ci ilində vəfat edib.
M.Feyzullayev 1959-cu il fevral ayının 3-də Şəki şəhərinin Kiş kəndində anadan olub. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.
1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.
M.Feyzullayev müxtəlif illərdə Şəki teatrında M.F.Axundzadənin "Hacı Qara" dramında Xudaverdi, U.Şekspirin "Romeo və Cülyetta" faciəsində Paris, K.Çapekin "Ağ xəstəlik" əsərində Professor, K.Morlonun "Böyük Teymurləng" tarixi dramında Çingiz xan, C.Məmmədquluzadənin "Sizi deyib gəlmişəm" əsərində Pristav, B.Vahabzadənin "Dar ağacı" dramında İbn Süheyl, N.Dumbadzenin "Ağ bayraqlar"ında Meburişvili və s. bu kimi obrazlar yaratmaqla yanaşı, həmin teatrda C.Məmmədquluzadənin "Dəli yığıncağı" və "Danabaş kəndinin məktəbi", H.Cavidin "İblis", N.Dumbadzenin "Ağ bayraqlar", M.Bulqakovun "Ustad və Marqarita", B.Vahabzadənin "Dar ağacı", Ə.Nesinin "Sən Qara deyilsən", İ.Drutsenin "Kürən yabı", S.Vannusun "O şah, ya qeyrisi, şah elə şahdır", Ç.Aytmatovun "Əsrə bərabər gün", S.Qədirzadənin "Gurultulu məhəbbət", Anarın "Təhminə və Zaur", M.Bayciyevin "Duel", V.Səmədoğlunun "Yayda qartopu oyunu", R.Xəlilzadənin "Meşəbəyi", S.Vurğunun "Vaqif" tamaşalarına maraqlı quruluşlar verib.
M.Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən "Dərviş" Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi. Rusiyada yaşayarkən sənətçi "Na Perovskoy" Moskva Dram Teatrında "Göydən üç alma düşdü", Simonov adına Moskva Dram Teatrında E.Fedotovun "Moskvasayağı reinkornasiya", Moskva "Kölgə" Teatrında "Gözə görünməz yollar ilə...", Moskva Komediya Teatrında Ə.Nesinin "Öldür məni, əzızım!", S.Vannusun "O şah, ya qeyrisi", S.Mrojekin "Serenada", Moskva "Zümrüd quşu" Teatrında Y.Kimin "Bataqlıqdakı möcüzələr", Yerşovun "Qozbel at", R.Kiplinqin "Fil balası", V.Rabadanın "Balaca mələk", E.Şvartsın "Kralın yeni libası", V.Qaufun "Soyuq ürək", K.Qotsinin "Qarğa", E.Uspenskinin "Sehirsaz Bəhram", Moskva Azərbaycan "Dərviş" Teatrında M.F.Axundzadənin "Lənkəran xanının vəziri", Elçinin "Şekspir", B.Vahabzadənin "Gülüstan", Ü.Hacıbəylinin "Arşın mal alan", N.Gəncəvinin "Leyli və Məcnun", C.Məmmədquluzadənin "Anamın kitabı" kimi janr etibarilə rəngarəng tamaşalar hazırlayıb.