"AGBank" müxtəlif yollarla müştərilərə kələk gəlir

 

Çingiz Əsədullayevin rəhbərlik etdiyi bankda müştərilərin əlavə xərcə düşməsi ilə nəticələnən bir sıra "əməliyyatlar" həyata keçirilir

 

90 saylı Ağdaş Seçki Dairəsinin deputatı Çingiz Əsədullayevin Müşahidə Şurasının sədri olduğu "Azəriqazbank" ASC-nin ("AGBank") adı son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallanır. Məsələn, bununla bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, bir neçə ay öncə "AGBank" "çirkli pullar"ın "yuyulmasında" ittiham olunub. Bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy çıxış edib.

Deyilənlərə görə, oxşar iddia barədə ötən ilin iyun ayında "KrebsOnSecurity" Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb. Belə ki, araşdırmaların nəticəsində bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri "tərəfdaşlıq" proqramları vasitəsi ilə əsasən "Azəriqazbank"da "yuyularaq" nağdlaşdırılıb. Hələ bu, harasıdır. Təxminən, iki il öncə "Azəriqazbank"ın adının 4 milyon dollarlıq məhkəmə qalmaqalında hallandığını vurğulayan məlumatlı şəxs bildirir ki, həmin vaxt Naxçıvan sakini Mənsur Şükürov adıçəkilən bankla 7 noyabr 2007-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırıb. Müqavilə predmeti Bəşir Səfəroğlu küçəsində ümumi sahəsi 564,7 kvadratmetr olan qeyri-yaşayış sahəsi olub. Mənsur Şükürovun sözlərinə görə, müqavilə bağlandığı zaman həmin ərazidə tikili olmayıb, yalnız bir neçə sütun olub ki, onlar da öz-özünə uçub: "Krediti mənə məxsus olan həmin qeyri-yaşayış sahəsini ipoteka etdirməklə "Amil" MMC alıb. "Amil" MMC və onun rəhbəri, Quba rayon sakini İlham Əhməd oğlu Əliyevlə heç bir tanışlığım olmayıb. Ortaq tanışımız Elçin Yusubov vasitəçilik edib. Belə qərara aldıq kı, "Amil" MMC həmin sahəni ipoteka etdirməklə bankdan 1,5 milyon dollar kredit götürmək üçün müraciət etsin. Əmlak 3 milyon 763 min 900 dollar dəyərində qiymətləndirildi". Beləliklə, tərəflər arasındakı razılaşmaya əsasən, alınan kreditdən istifadə nəticəsində əldə edilən gəlirdən əmlak sahibi olan Mənsur Şükürov da yararlanacaqmış. Lakin sonrakı proseslər zamanı o, öyrənib ki, MMC-nin dövriyyəsi sıfırdır: "Mənə indiyə qədər də qaranlıqdır ki, dövriyyəsi 0 olan bir MMC-yə belə yüksək məbləğdə kredit necə verildi. Müqaviləyə əsasən 1,5 milyon dollar kredit ona görə verilmişdi ki, dövriyyədə olan vəsait artırılsın. Kredit köçürmə yolu ilə verilmədi. 2 dəfə nağd olaraq pul "Amil" MMC-nin rəhbəri tərəfindən "Azəriqazbank"dan çıxarıldı". Pul götürüldükdən sonra isə kreditin ödənilməsində ciddi problemlər ortaya çıxıb. Belə ki, Mənsur Şükürovun sözlərinə görə, "Amil" MMC məbləğdən cəmi 100 minini banka geri ödəyib. Bu məbləği də MMC-nin sahibi Mənsur Şükürovun qardaşından işlər tam qaydasına saldıqdan sonra qaytarmaq adı ilə borc alaraq ödəyib: "Bundan sonra "Amil" MMC-nin sahibi sanki yoxa çıxdı. Dəfələrlə kreditin ödənilməsi ilə bağlı müraciət etsək də, pulu ödəmədi". Bundan sonra Mənsur Şükürov məhkəməyə müraciət edib. Nəticədə MMC rəhbərinin ölkədən çıxışına qadağan, onun Qubada 2 milyon 800 min manat dəyərində olan anbarına isə həbs qoyulub…

Əldə etdiyimiz digər məlumatda isə deyilir ki, iş adamı Rüstəm Ömərov da bir müddət öncə "Azəriqazbank" ASC-nin nöqsanlı əməllərinin qurbanı olub. Belə ki, iş adamı məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında müştərisi olduğu "Azəriqazbank" tərəfindən mülkiyyət hüququnun pozulduğunu vurğulayıb. Rüstəm Ömərov adıçəkilən bankı ona 2 milyon 400 min manat zərər vurmaqda ittiham edib. İş adamının vəkili Aqil Layıcov isə qeyd edib ki, Rüstəm Ömərov 3 oktyabr 2007-ci il tarixdə "Azəriqazbank"dan 500 min manat, 7 yanvar 2010-cu il tarixində isə 236 min manat kredit götürüb: "Hər iki kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən kredit təminatlı olaraq verilib. Təminat qismində Rüstəm Ömərova məxsus "ANT İnşaat Təmir Tikinti" MMC-nin inşa etdiyi müqavilə əsasında ona məxsus Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 553-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 9 mənzil qoyulub. Müqaviləyə əsasən Rüstəm Ömərova məxsus bu mənzillər bankın əməkdaşı Müşfiq Həmidlinin adına keçirilib. Kredit ödənildikdən sonra mənzilin sahibinə qaytarılması razılaşdırılıb". Vəkil bildirib ki, Rüstəm Ömərov krediti ödəsə də "Azəriqazbank" mənzilləri sahibinə qaytarmır: "Odur ki, məsələ məhkəmə predmeti olub. Rayon məhkəməsi və apelyasiya məhkəməsi şikayətimizə birtəfərli baxdı və bankın xeyrinə qərar çıxardı. Bizim əsas gətirdiyimiz sübutlar araşdırılmadı. Bankın saxta sənədini məhkəmə əsas götürdü. Guya Rüstəm Ömərov borcunu verməyib.

Bizim əlimizdə borcların ödənilməsi ilə bağlı qəbzlər var. Mərkəzi Banka verdiyimiz sorğu nəticəsində məlum olur ki, Rüstəm Ömərov kredit borcunu ödəyib. Deməli, "Azəriqazbank"ın məqsədi mülkiyyətçini mülkiyyət hüququndan məhrum etməkdir, şəxsə ziyan vurmaqdır". Gördüyünüz kimi, bütün bunlar bir daha onu təsdiqləyir ki, Çingiz Əsədullayevin rəhbərlik etdiyi "AGBank"da vəziyyət heç də arzuolunan səviyyədə deyil. Belə ki, adıçəkilən bankda bir sıra "əməliyyatlar" həyata keçirilir ki, bu da sonda müştərilərin əlavə xərcə düşməsi ilə nəticələnir. Bir sözlə, "Azəriqazbank" müxtəlif yollarla müştərilərə problem yaradır. Əgər müvafiq qurumlar bununla bağlı araşdırma aparsalar, o zaman bir çox məqamların şahidi ola bilərlər…(gündelikbakı.com)

 

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.






Fikirlər