Ölümü ilə generalları ağladan general... - FOTOLAR

 Ölümü ilə generalları ağladan general... -

 

 
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə dəfn olunub.
AzVision.az xəbər verir ki, II Fəxri Xiyabanda baş tutan dəfn mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Adminstrasiyasının rəhbərinin müavini, hərbi məslələr üzrə müşavir Vahid Əliyev, Baş nazirin müavini Abid Şərifov, Daxili İşlər Naziri Ramil Usubov və müavinləri, Baş Prokuror Zakir Qaralov, Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Səbailin icra başçısı Eldar Əzizov, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Dövlət Sərhəd Xidmətinin habelə Silahlı Qüvvələrin generelları və digər dövlət rəsmiləri iştirak ediblər. Dəfndə Azərbaycanın vəzifəli məmurlarının  zaman - zaman ağladıqları müşahidə olunub. 
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə bu gün 86 yaşında dünyasını dəyişib.
Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəkidə ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla qurtarıb. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. 
1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib. 
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb.
1980-ci ildən 1988-ci ilə qədər isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyib. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb. 
1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib. 
Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif edilib.
Qeyd edək ki, generalla vida mərasimində Abid Şərifov da göz yaşlarını saxlaya bilməmişdi.

 

  






Fikirlər