Bu gündən etibarən Bakı metrosunda uzun illərdir fəaliyyət göstərən kassalar bağlanır. 

ANS PRESS-in məlumatına görə, kassaların fəaliyyətini dayandırması bəzi sərnişinlərin etirazına səbəb olub. 

Pul xırdalamaq üçün kassalara yaxınlaşan sərnişinlər onların bağlı olduğunu görəndə polis əməkdaşlarına və metro işçilərinə etirazlarını bildiriblər. 

“Mən pul xırdalamaq istəyirəm. Bu kassa niyə bağlıdır? Bəs mən pulu harda xırdalamlıyam? İşə də gecikirəm!”-deyə narazı sərnişin bildirdi.


Azardlıq metro stansiyasında bağlanan kassalar


Məsələyə münasibət bildiriən Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev kassaların açılma ehtimalının olmadığını bildirdi. 

“Bakı metrosunda artıq kassalar bu gündən fəaliyyət göstərmir. Sərnişinlər isə gediş haqqı ödəmək üçün pullarını əvvəlcədən xırdalayıb gələ bilərlər.” 


Elmlər Akademiyası metro stansiyasında bağlanan kassalar





Məlumdur ki, fəaliyyəti dayandırılan kassalarda yüzlərlə metropoliten əməkdaşı işləyirdi. Onların aqibətinə gəlincə , Nəsimi Paşayev heç bir narahatlığa əsas görmür. Qurum rəsmisinin sözlərinə görə, onların heç biri işlərindən azad olunmurlar.

“Bağlanan kassalarda işləyən əməkdaşlarımızın hər biri müvafiq işlərlə təmin olunacaq. Yeni təyinatlar zamanı onların təhsili, stajı və davranışı nəzərə alınacaq. Təklif olunan işlərlə razılaşan əməkdaşlarımız qalıb işləyə bilərlər.”


Nəsimi Paşayev-Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri


Kassaların fəailiyyətinin dayandırılmasına səbəb kimi yeni istifadəyə verilən ödəniş kartları göstərilir. Bundan sonra yeni istifadəyə verilən “Bakıkart”larını metro əməkdaşları deyil, xüsusi aparatlar satacaq. 

“Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “BakuBus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. ” 



Bakı metrosunun mövcud və tikilməsi nəzərdə tutulan stansiyalarının sxemi


Nəsimi Paşayevin sözlərinə görə, sərnişinlər “Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar” , “Cəfər Cabbarlı” , “N.Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərlər.

Bakı metrosunda yeni kartların tətbiqinə avqustun 8-dən start verilib. Artıq Metro stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə edirlər. 

Sərnişinlərə isə sentyabrın 1-dən 30-a qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı verilirdi. Bundan sonra isə onlar yalnız yeni "BakıKart"lardan istifadə etməlidirlər.


Sərnişinlər artıq bu aparat vasitəsi ilə kart ala bilərlər


Plastik kartın qiyməti 2 manatdır. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. "BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.