Bakıda genişmiqyaslı dezinfeksiya başladı ...
Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri başlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "AzerTaym.az"-a verilən məlumata görə gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əhali arasında virus əleyhinə vaksinasiya olunma səviyyəsinin monitorinqi ilə bağlı yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə, mənzillərdə reydlər keçirir, vətəndaşlarla maarifləndirmə işləri apararaq onlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.