Dondar Quşçu sakinlərindən etiraz - Nərminin atası məhkəməyə verilir

Dondar Quşçu sakinlərindən etiraz - Nərminin atası məhkəməyə verilir

Tovuz rayonunun Dondar Quşçu kəndinin sakinləri orada 2019-cu ilin noyabrında itkin düşmüş, 2020-ci ilin yanvarında isə yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin Quliyevanın atası Şərif Quliyevi məhkəməyə verir.

 Bu barədə həmin kənd sakinlərindən biri Validə Əliyeva dekabrın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində bildirib.

Qeyd edib ki, Şərif Quliyev Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovu onların pul qarşılığında müdafiə etdiyini bildirib.

Bəzi saytlara açıqlama verən Şərif Quliyev deyib ki, hər dəfə məhkəmə binasının qarşısına gəlmək üçün kənd sakinlərinin hərəsinə 15 manat pul verilir.

Məhkəmə binasının qarşısına toplaşan Dondar Quşçu sakinləri bildiriblər ki, Şərif Quliyevin onlara pul paylanması barədə dedikləri həm böhtan, həm də təhqirdir.

Kənd sakinlərinin sözlərinə görə, İlkin Süleymanovun günahsız olduğuna inanırlar və onu sona qədər müdafiə edəcəklər.

Qeyd edək ki, azyaşlının öldürməkdə ittiham olunan İlkin Süleymanovun inə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxılır.

Dekabrın 23-nə bu iş üzrə məhkəmə iclası təyin olunsa da, proses baş tutmayıb.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. /Teleqraf






Fikirlər