Şəhid ailəsi Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının fəaliyyəti ilə bağlı ictimaiyyətə müraciət edib.
ANS PRESS-in məlumatına görə, şəhid Mübariz Əzizovun ailəsinin ölkə başçısına ünvanladığı müraciətin mətni Lent.az-a da daxil olub.

Müraciətdə qeyd edilib ki, ailənin oğlu Vidadi Əziz xarici ölkədə qazandığı pulu 2012-cü ilin aprel ayında Azərbaycan banklarının birinə köçürüb. V.Əziz Azərbaycanda biznes qurmaq üçün həmin pulu bankdan çəkib. Bu zaman 20-25 maskalı şəxs onu bankın qarşısında saxlayaraq, Milli Təhlükəsizlik Nazirliyinə gətirib. Nazirlikdə ona işgəncə verilib və 740 min ABŞ dolları zorla əlindən alınıb.

Ölkə rəhbərliyinə ünvanlanan məktubda yazılıb ki, MTN-də V.Əzizin başına silah dirəyərək, bundan sonra quracağı biznesində onunla şərik olacaqlarını deyiblər:

"Milli Təhlükəsizlik Nazirliyi sistemində adam oğurluğu, soyğunçuluq və quldurluqla məşğul olan yüksək rütbəli məmurlardan təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Bu dəstənin üzvləri tərəfindən xaricdə biznes fəaliyyəti ilə məşğul olan oğlumuz Vidadi Əziz 2012-ci ilin aprel ayında Azərbaycanda yenidən biznes fəaliyyəti qurmaq, yeni iş yerləri açmaq məqsədilə xarici ölkədə qazandığı halal pullarını köçürdüyü bankdan alıb çıxarkən, Bakıda 20-25 nəfərdən ibarət maskalı şəxslər tərəfindən oğurlanaraq qoluna qandal vurulub nazirliyə aparılıb, orada işgəncələrə məruz qalıb, başına silah dirənib. Sonda 740 min ABŞ dolları əlindən alındıqdan sonra azadlığa buraxılan oğlumuzu bu yolla onları da qazancına və biznesinə şərik etməyə məcbur ediblər".



Goranboy rayon Xanqərvənd sakinləri, şəhid atası Əsgər Əzizov, şəhid anası Almaz Əzizova qarşılaşdıqları bu özbaşınalıqla bağlı hüquq-mühafizə orqanlarına ünvanladıqları müraciətləri geri çəkmək üçün dəfələrlə hədə-qorxu, təhdid aldıqlarını qeyd ediblər.

Qeyd edək ki, məsələ ilə bağlı ailə prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Məlumata görə, baş prokurorun birinci müavini Rüstəm Usubov sabah şikayətçi ailəni qəbul edəcək.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyindəhəbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Eldar Mahmudov - keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

“Bu da heç şübhəsiz ki, Rusiyanı narahat etməyə bilməzdi”, deyən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa gizli məlumatlarını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.

Milli təhlükəsizlik naziri Eldar Mahmodov işdən çıxarıldıqdan iki gün sonra isə qudası - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb. 

Prezident oktyabrın 20-də MTN-lə bağlı növbəti sərəncam imzalayıb. Sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.