İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK EDİR - Eldar Mahmudov evindədir…
Bir çox iqtidaryönlü KİV-lər dünən MTN-in bəzi əməkdaşlarının həbsi və xüsusi xidmət orqanları işçilərinin kabinetlərində xüsusi əməliyyat keçirilməsi barədə informasiyalar yayıb. Virtualaz.org saytı sözügedən informasiyalar ətrafında araşdırma apararaq onu hüquq-mühafizə orqanlarına yaxın mənbələri ilə dəqiqləşdirib. Məlum olub ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar. Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə, məlumatlı mənbələrin verdiyi informasiyaya görə, o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır. Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar. Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir. Hüquq-mühafizə orqanlarının nümayəndələri MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh vermirlər.