Məktəbdə “şıdırğı alver” gedir: GÖZGÖRƏSİ... - İTTİHAM VAR!
Bir neçə il bundan öncə sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı Xüsusi İnternat Məktəbi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternat Məktəbi ilə birləşdirilir və onların bazasında sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternat Məktəbi yaradılır. 1958-ci ildə istifadəyə verilən bu məktəbin binasında 2005-ci ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına əsaslı təmir və yenidənqurma işləri də həyata keçirilir. 2005-ci il mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonra onun açılış tədbirində iştirak edir. Yəni, göründüyü kimi 3 saylı Respublika Xüsusi İnternat Məktəbi hər zaman diqqət mərkəzində olur və Mehriban xanım bu məktəbin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərir. Bütün bunlara baxmayaraq, hal-hazırda Bahar Kərimovanın direktoru olduğu bu məktəb, bir növ “kolxoz təsərrüfatı”na oxşayır. Bu da onu söyləməyə əsas verir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində yaşanan biabırçılıqların, çoxsaylı qanunsuzluqların və s. əsas bir səbəbi var, o da uzun illərdən bəri adı çəkilən bu müəssisəyə rəhbərlik edən Bahar Kərimovanın daşıdığı vəzifəsindən “ikiəlli yapışmasıdır”. Unutmaq olmaz ki, bu xanım direktor zamanında sahib olduğu vəzifəsinə heç də elə-belə yiyələnməyib. Yəni, bəzi mənbələrdən daxil olan məlumatlara görə direktor Bahar Kərimovanın bugünkü vəzifəsinə sahiblənməsində, məhz Azərbaycan Respublikasının sabiq Baş Nazirlərindən birinin ailə üzvləri ilə bağlılığının olması olur. Media üzərindən apardığmız araşdırmalar zamanı bəlli oldu ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru, sabiq təhsil naziri Ceyhun Bayramovun dövründə o qədər qanunsuzluqlara qol qoyur ki, son anda onun əməlləri ilə bağlı prokurorluq orqanlarına şikayət olunur. Paralel olaraq Təhsil Nazirliyi tərəfindən də müəyyən yoxlamalar aparılır. Maraqlı hal o olur ki, Nazirlik tərəfindən aparılan araşdırmalar zamanı çoxsaylı mənimsəmə faktları, hətta cinayət tərkibli nöqsanlar da aşkara çıxarılır. Amma, nə fayda! Həmin vaxtlarda Bahar Kərimovanın “arxa-dayağı” elə bir formada güclü olur ki, hətta Təhsil Nazirliyi onun yanından “yel” də olub keçə bilmir. Bu belə olduğu üçün direktor “Mənə nə etdilər, aparılan yoxlamalar boş və mənasız hərəkətlərdir” deyib, hər kəsə “qıcıq” da gəlir. Düşündürücü hal o olur ki, Bahar Kərimova yoxlama aparan Nazirlik əməkdaşlarından narazı olduğunu bildirir və o, onu da qeyd edir ki, guya yoxlama işləri aparanlar izahatları məktəbin müəllimlərinə zorla yazdırırlar. Əslində, bu cür yanaşma dövlətimizə, səlahiyyətli dövlət orqanlarına yağdırılan şər-böhtan olur.
Bir faktı qeyd edək ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində Reyhan Nəsirova adlı bir xanımın gecə növbəsində dayə “işlədiyi” bildirilir. Elə ki, bu təhsil müəssisəsində yaşanan biabırçılıqlarla bağlı hansısa redaksiya tərəfindən məqalə hazırlanır və müəyyən məlumatların dəqiqləşdirilməsinə ehtiyac duyulur, o halda media əməkdaşlarının ünvanladığı sualları cavablandırmaq üçün Reyhan Nəsirova önə verilir. Bu da çox maraqlı və düşündürücü addım olur. Axı, bu Reyhan Nəsirovanın ünvanlanan sualları cavablandırmaq ixtiyarı yoxdur. Bu necə ola bilər? Müəyyən araşdırmalardan sonra o da bəlli oldu ki, sən demə Bahar Kərimovanın yolunda bu xanımın özünü “sipər etməsi”nin əsas bir səbəb var, o da direktorun hər zaman onun oğlu Emin İsayevə “yaşıl işıq” yandırması olur. Yəni, Emin İsayevin adı məktəbin ştat cədvəlində işçi kimi getsə də, o, heç zaman işə getmir və alacağı məvacibi direktorun özü “həzmi-rabedən” keçirir. Daha bir düşündürücü hal da ondan ibarətdir ki, bu təhsil müəssisəsində müavin vəzifəsini daşıyan, həmçinin Bahar Kərimovanın “qara kassası” işini “şərəflə” yerinə yetirən Elman Məmmədov da, özünü direktorun yolunda “sipər edən” vəzifə sahiblərindən biri hesab olunur. Məsələn, Elman Məmmədov danışıq ritorikasında daha “pərgar” olduğundan çox zaman ayrı-ayrı TV-lərin qarşısına çıxarılır və o, hər zaman geniş ictimaiyyət qarşısında “Cırtdanını nağılları”nı danışır. Amma, bu şəxs heç cür onu dərk etmir ki, pafoslu danışıqlarla nə geniş ictimaiyyəti, nə də ki, hüquq-mühafizə orqanlarını aldatmaq mümkün deyil.
Media üzərindən apardığımız digər araşdırmalar zamanı o da bəlli oldu ki, ümumi şagirdlərinin sayı 645 nəfər olan, dərsə gedən və məktəbdə qalan 180 nəfər şagirdin və məktəb üzü tanımayan 465 şagirdin başına “minbir oyun”lar açan Bahar Kərimova ilə bağlı, 2021-ci ilin oktyabr ayında məktəbin müəllimləri Təhsil Nazirliyinə şikayət edirlər. Şikayətə əsas səbəb, müəllimlərin maaşlarından ildə iki dəfə Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon şöbəsinə vəsaitlərin tutulması olur. Qanunun tələbinə görə hansı cəmiyyətə, təşkilata və s. kimi qurumlara vəsaitlər köçürülürsə, həmin vəsaitlər ildə yalnız bir dəfə köçürülə bilər. Elə ki, bu yöndə lazımi dəqiqləşdirmələr həyata keçirilir, o zaman bəlli olur ki, Qızıl Aypara Cəmiyyətinin Sabunçu şöbəsində sədr vəzifəsini Bahar Kərimovun həyat yoldaşı İlham Kərimov daşıyır.
3 nömrəli Xüsusi İnternat Məktəbi haqqında yayımlanan tənqidi məqalələrdə o da qeyd olunur ki, Bahar Kərimova hər sinfə (ibtidailərdən tutmuş böyük siniflərə qədər) ayrı-ayrılıqda pamperslər almağı tapşırır və yığılan pamperslər heç də məktəbin şagirdlərinə verilmir. Hətta, bu məktəbin lallar və karlar üçün xüsusi təhsil müəssisəsi olduğunu nəzərə alsaq onu da deyə bilərik ki, pampers ehtiyacları buraya deyil, məhz ruhi-əsəb xəstəliklərinə malik xüsusi internat məktəblərinə aiddir. O halda sual oluna bilər ki, pamperslər niyə alınır və qutulardan çıxarılıb haralara daşınır? Əlavə bir faktı da bildirək ki, şagirdlərin məktəbə qəbul olunmasından ta buranı başa vurmalarına qədər olan mərhələlər, Bahar Kərimova üçün sanki gəlir mənbəyinə çevrilir. Yəni, bir nəfər şagirdin məktəbə qəbulu təqribən 500 manata başa gəlir və hər il isə onların tibbi komissiyadan keçmələri üçün əlavə 100 manat tələb edir. Hər zaman məktəbdə “şıdırğı alver” gedir ki, bununla da direktor külli miqdarda var-dövlət qazanır. Faktdır ki, bu gün məktəbdə elə bir idarəçilik sistemi qurulub ki, hər müəllim ayda direktorun haqqını çatdırmalıdırlar.
Son vaxtlar sosial şəbəkələrdə 3 nömrəli Xüsusi İnternat Məktəbi ilə bağlı bir video yayılıb ki, həmin videoda direktoruun məktəbə verilmiş ərzaqları şəxsi maşınına yüklətdirməsi əks olunub. Yəni, videodan görünür ki, Bahar Kərimova məktəbin ərzağını anbardan öz şəxsi maşınına yüklətdirir. Bu da onu söyləməyə əsas verir ki, o, daşınan ərzaqların müəyyən yerlərdə satışını həyata keçirir. Düzdür, həmin video yayıldıqdan sonra direktor özünü “sudan quru çıxmağa” çalışdı, amma nəyəsə nail ola bilmədi. Çünki, Bahar Kərimova və onun əlaltıları belə bir iddia ilə çıxış etdilər ki, guya onların daşıdıqları yuyucu vasitələrdir. Əslində, daşınıb maşına yüklənən yuyucu vasitələri yox, məktəbə verilən ərzaqlar olur.
Bütün bunlar onu sübut edir ki, sağlamlıq imkanları məhdud olan uşaqlara dövlətin göstərdiyi qayğı 3 saylı Xüsusi İnternat Məktəbində direktor Bahar Kərimova tərəfindən alver predmetinə çevrilib. Ümumi Azərbaycan təhsilinin adına və dövlətimizin bu sahəyə göstərdiyi qayğıya ləkə hesab olunan belə bir əməllər, əslində aidiyyatı dövlət qurumları tərəfindən araşdırılmalı və Bahar Kərimova hüqiqi müstəvidə hüquqi məsuliyyətə cəlb olunmalıdır.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Növbəti yazımızda daha geniş açıqlamaları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləyin.
araz.az