MSK-dan yeni deputatlara çağırış: Gəlin, hesabat verin!
V çağırış Milli Məclisə keçirilən seçkilərdə iştirak edən deputatlığa namizədlərin yekun maliyyə hesabatlarını təqdim edəcəyi vaxt açıqlanıb.
Mərkəzi Seçki Komossoyasından (MSK) AzVision.az-a verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən seçkidə iştirak edən hər bir deputatlığa namizəd seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün müddətinə yekun maliyyə hesabatlarını (seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də qoşulmaqla) təqdim etmələridir.
Yekun maliyyə hesabatını namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təqdim edə bilərlər.
Seçki Məcəlləsinin 94.4 maddəsinə əsasən namizəd, qeydə alınmış namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların üzərinə qoyulur. Siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur, belə səlahiyyətli nümayəndə olmadıqda, siyasi partiyanın və yaxud siyasi partiyalar blokunun tərkibində seçki (referendum) kampaniyasında iştirak etmiş siyasi partiyanı, referendum üzrə təşviqat qrupunu təmsil etmək səlahiyyəti olan digər şəxs hesabat verə bilər.
Bu isə o deməkdir ki, seçkidə iştirak edən 767 deputatlığa namizəd qeyd-şərtsiz yekun maliyyə hesabatlarını təqdim etməlidirlər.