12 partiyanın dövlət qeydiyyatı ləğv oluna bilər İLGİNC

12 partiyanın dövlət qeydiyyatı ləğv oluna bilər İLGİNC2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) Ədliyyə Nazirliyinə müraciət edib. APA-nın məlumatına görə, bu barədə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

Maliyyə hesabatı təqdim etməyən partiyaların adını açıqlamayan N. Məmmədov Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 33-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda hesabatların araşdırıldığını qeyd edib: “Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. Amma bunlara baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”.

Qeyd edək ki, 2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

Ancaq MSK-nın aprelin 7-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni aprelin 1-dək dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan yalnız 22-inin illik maliyyə hesabatını MSK-ya təqdim etdiyini açıqlamışdı. MSK sədri Məzahir Pənahov da MSK-nın aprelin 7-də keçirilən iclasında bildirmişdi ki, indiyə qədər siyasi partiyaların fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb. M. Pənahov vurğulamışdı ki, istəmirlər ki, maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı MSK Ədliyyə Nazirliyinə müraciət etsin, Ədliyyə Nazirliyi də MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın. Buna görə də MSK aprelin 1-dən sonra da siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə davam edib.






Fikirlər