Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi "Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və "Palma Group” MMC ilə satınalma müqaviləsi imzalayıb.
"Qardaşlar Mebel” QSC ilə imzalanan və maliyyə dəyəri 20 500.14 AZN təşkil edən müqavilədə AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində olan şöbə və bölmələr üçün mebel və inventarların satın alınması nəzərdə tutulur.
"Palma Group” MMC ilə imzalanan müqavilə isə AMEA Rəyasət Heyəti Aparatı İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələrinin cari təmirinin satın alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 20 284 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Qardaşlar Mebel” QSC 20 fevral 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3050 AZN olan şirkətin qanuni təmsilçisi Mirzəyev Həsən Məmməd oğludur.
QSC-nin təsisçisi isə Əli Mirzəyevdir. O, Həsən Mirəzyevin qardaşıdır. Əli Mirzəyev bu ilin aprelində "Tərəqqi” medalı ilə təltif olunub.
"Palma Group” MMC-yə gəlincə, şirkət 7 oktyabr 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə Abdullayev Pərviz Arif oğludur.
"Palma Group” MMC-nin 12 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, AMEA-nın prezidenti İsa Həbibəylidir. O, təxminən bir ay əvvəl, 25 oktyabr 2022-ci ildə bu vəzifəyə seçilib və göründüyü kimi işə mebellərin yeniləməklə başlayıb. /Qaynarinfo
Fikirlər