“Qurtuluş 93”ün sədri 166 min manat mənimsəyibmiş
“Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərov barəsində cinayət işinin istintaqı tamamlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı H.Əsgərovun “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.