Ötən il müdafiə sahəsinə nə qədər vəsait xərclənib?

Ötən il müdafiə sahəsinə nə qədər vəsait xərclənib?

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5622,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çoxdur.

"AzerTaym.az" bildirir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Bildirilib ki, 2022-ci ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4896,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2021-ci illə müqayisədə 354,7 milyon manat və ya 7,8 faiz çoxdur. Bu xərclər ÜDM-in 3,7 faizini, dövlət büdcəsi xərclərinin isə 15,3 faizini təşkil edib. Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 709,8 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 2889,4 milyon manat və ya 2021-ci illə müqayisədə 554,5 milyon manat (23,7 faiz) çox vəsait yönəldilib.

2022-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 13,0 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 milyon manat və ya 55,7 faiz çoxdur. 2022-ci ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 2366,7 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da ayrılması nəzərdə tutulan 2381,0 milyon manat məbləğində vəsaitə nisbətən 14,3 milyon manat və ya 0,6 faiz az, 2021-ci illə müqayisədə isə 333,7 milyon manat və ya 16,4 faiz çoxdur. Bu xərclər ÜDM-in 1,8 faizini, dövlət büdcəsi xərclərinin isə 7,4 faizini (2021-ci illə eyni səviyyədə) təşkil edib.

Bununla yanaşı, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 60,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 7,6 faizi həcmində və ya 2426,8 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 328,6 milyon manat və ya 15,7 faiz çoxdur. Hesabat ilində ictimai asayişin, sosial və digər tədbirlərin maliyyələşdirilməsi üçün 68,3 milyon manat vəsait sərf olunub. Dövlət büdcəsinin vəsaiti hesabına 31476 nəfər şəxsə hüquqi yardım göstərilməsi üçün hesabat ilində dövlət büdcəsindən 6,0 milyon manat məbləğində vəsait ayrılıb.

2022-ci ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 236,0 milyon manat təşkil edib.

Ümumiyyətlə son 5 ildə, yəni 2018-ci ildə icra olunmuş müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2022-ci illə müqayisədə 4,3 faiz-bənd, mütləq ifadədə isə 3102,6 milyon manat və ya 1,7 dəfə artıb.






Fikirlər