Zülfüqar Hüseynzadə Kəlbəcərə buna görə gedibmiş...
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər saatlarında Kəlbəcərdə vəfat edib. "Ölkə.az" xəbər verir ki, “Qafqazinfo” onun Kəlbəcərə hansı səbəbdən getməsi ilə bağlı bəzi məlumatları əldə edib. Məsələ burasındadır ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşən zaman vəfat edib. Qadın qaçhaqaç məqamında dəfn edildiyi üçün, onun məzarına hər hansı nişan qoyulmayıb. Yalnız Kəlbəcər işğaldan azad olunandan sonra Zülfüqar Hüseynzadə nənəsinin məzarını tapmaq qərarına gəlib. O, ötən il bununla bağlı Prezident Administrasiyasına icazə üçün müraciət edib və təklifi müsbət qarşılanıb. Lakin ötən il hava şəraiti səbəbiylə qadının məzarını tapmaq mümkün olmayıb. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb geri dönməliydilər. Lakin Zülfüqar Hüseynzadənin anidən şəkəri yüksəlib. Jurnalist yaxınlıqdakı hərbi hospitala aparılan zaman yolda keçinib. Allah rəhmət eləsin!