MİLYARDER FƏRHAD ƏHMƏDOVUN ŞİRKƏTİ XALQA MİKROBLU SU İÇİRİRMİŞ… – ARAŞDIRMA – RƏSMİ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 26 fərqli adda qablaşdırılmış sularda apardığı araşdırmanın nəticəsinə əsasən 4 su şirkətinin qablaşdırılmış sularında nöqsanlar aşkarlanıb. Nöqsan aşkarlanan qablaşdırılmış sulardan biri də milyarder Fərhad Əhmədova məxsus “Aznar” QSC-nin “Aria” sularıdır.
“Aria” sualında götürülən nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Sınaq nəticəsi uyğunsuz çıxıb. Uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.
“Aria” sularının qablaşdırılmasının üzərində də saxtakarlığa yol verilərək istehlakçı aldadılıb. Qablaşdırmanın içindəki suyun mənbəyi artezian quyu suyu olsa da, qablaşdırmanın üzərinə dağ şəkli vurularaq istehlakçıda dağ suyu təəssüratı yaradılıb.
Mütəxəssislər qeyd edib ki, əgər qablaşdırmadan hər hansısa nöqsan aşkarlanırsa, bu o deməkdir ki, istehsalçı şirkət daha başqa noqsanlara yol verib və gizlətməyə çalışır. “Aria” suları da artezian suyu olmasına bxmayaraq illərdir dağ suyu adı ilə satıldığı üçün o təəssürat yaranır ki, bəlkə heç artezian suyu da deyil.
Digər tərəfdən, suların üzərində “soyuq halda için” qeydi verilib. Mütəxəssislərin fikrincə, əgər şüşənin üzərində bu söz yazılıbsa, bu, onun keyfiyyətsiz olmasının göstəricisidir. Soyuq halda suyun tamı bilinmir. Su otaq temperaturunda yarım saat qaldıqdan sonra onun iyi və tamı bilinir. Bu qeyd isə daha çox mənşəyi məlum olmayan qablaşdırılmış sularda daha çox qeyd edilir.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkədə satılan içməli suların heç də hamısı keyfiyyətli deyil. Ekspert qeyd edib ki, təcrübə göstərir ki, hətta brend sularda belə ciddi keyfiyyət pozğunluğu var:
“Belə sular insan sağlamlığına ciddi təhlükədir. Bəzən sular filtrizasiya olunmamış qablaşdırılır və bazara çıxarılır. Hətta bulaq suyu deyilərək qablaşdırılan bəzi sular Bakı qəsəbələrində filtrdən keçirilərək arteziandan doldurulur. Suyun rəngi, dadı, ətri yoxdur. Buna görə də, onun kran suyu və ya təmizlənmiş su olmasını ayırd etmək istehlakçı üçün çox çətindir”.Tribunainfo.az