“Kontakt Home” “şeş qoşa”nı necə fırladır? – Mexanizm belə işləyir...
1-ci atış – 5% geri al 2-ci atış – 25 % geri al 3-cü atış – 100% geri al 4-cü atış – Volkswagen İD.4 hədiyyə Və ya Şeş-qoşa macərasına sən də qoşul! Kontakt-a gəl, həm nağd, həm hissəli alış edib oyunda iştirak et: 1-ci atışda tək zərlə şeş (altı) atsan, məbləğin 5%-ni; 2-ci atışda tək zərlə şeş (altı) atsan, məbləğin 25%-ni; 3-cü atışda tək zərlə şeş (altı) atsan, məbləğin 100%-ni geri alacaqsan; Burada yazını oxumağı dayandırın və bu reklam mətnindən nə anladığınızı düşünün! Mətn hansı mənaya gəlir? Fikrimcə, Azərbaycan dilini normal bilən istənilən adam məhz belə düşünər ki, müştəri “Kontakt Home” mağazalar şəbəkəsində alış-veriş etdikdən sonra satış mərkəzlərində təşkil olunan zər atma kampaniyasına qoşulur və əgər “şeş” atırsa, o zaman mağazaya ödədiyi məbləğin uyğun olaraq 5, 25 və ya 100 faizini dərhal geri alır. Lakin, sözügedən mağazalar şəbəkəsinin kampaniya şərtləri heç də satış mərkəzlərində yerləşdirilən bannerlərdə və mediada yaydığı reklam mətnlərinə uyğun deyil. Orada sizə heç kim pul qaytarmır. Yumşaq ifadə etsək, bu kampaniya sadəcə aldatmacadır. Hüquqi dillə isə qanunvericiliyə ziddir. Mağazanın saytında kampaniya haqqında ana dilimizdə dəqiq ifadə olunub: “5% və 25% məbləğində keşbek qazanan müştərinin ödəniş sənədində uduşun məbləğinə müvafiq “keşbek” (cashback) ştampı vurulur. Müştəri udduğu tarixdən etibarən 30 gün ərzində istənilən Kontakt mağazasına gedib müvafiq möhürlə satınalma sənədində göstərilən məhsul dəyərində 5% və 25% ala bilər”. Kampaniya isə əslində təqdim olunduğu kimi deyil, belə işləyir: Tutaq ki, bir “şeş” atıb 5% “geri al” qazanırsınızsa, mağaza bu haqda sizə 5 faiz endirim kuponu verir. Yalnız növbəti alış zamanı həmin 5 faizdən istifadə edib endirim əldə edə bilirsiniz. Mağaza sizə pul, filan qaytarmır. Dolayısı ilə bunu öz satışını artırmaq üçün manipulyasiya edir. Özü də sözügedən kuponun cəmi 30 gün istifadə müddəti olur. Yaxşı, siz 30 gündə iki dəfə evinə hər hansı texniki əşya, özünə telefon, kompüter və ya digər məhsul alan görmüsünüzmü? Təbii ki, istisnalar ola bilər. Lakin böyük çoxluq bu kateqoriyada deyil. Adamlar ayda-ildə bir dəfə “Kontakt”ın vitrinində olan məhsullardan alır, ya da almır. Nəticə, qazanılan “geri al”lar heç bir məna ifadə etmir. Bu reklam haqqında qanunvericiliyin pozulmasıdırmı? Aidiyyatı qurumlar və hüquqşünaslar daha dəqiq cavab verə bilər. “Reklam haqqında” qanunda isə məsələ konkret ifadə olunub: Maddə 4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Bir məsələ də var: Avtomobil uduşunda hər müştəri iştirak edə bilməz. Yalnız 300 manatlıq alış edənlər 4-cü zəri ata bilər. Təbii ki, bu şərt də mağazalarda qoyulan “gəl-gəl” deyən bannerlərdə yoxdur. Bunu zər atanların videosunu çəkən gözəl qızlar “şirin dillə” şifahi şəkildə nəzərə çatdırırlar...