TACİR ŞAHMALIOĞLU BİR DAHA PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ
Müğənni Tacir Şahmalıoğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etdiyi müraciəti Azərbaycanın bir qrup tanınmış mədəniyyət və incəsənət xadimləri dəstəkləyib "Təzadlar" qəzetinin redaksiyasına müğənni Tacir Şahmalıoğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və surəti mədəniyyət naziri Adil Kərimliyə ünvanladığı müraciəti daxil olub. Müraciəti olduğu kimi təqdim edirik: - Möhtərəm cənab Prezident! İlk növbədə, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar arzulayıram. Hamı bu xoş və əlamətdar günü çox böyük sevgi hissilə və xüsusi bayram əhval-ruhiyyəsilə qeyd edir. Bir sənət adamı kimi mən də bu gözəl hissləri qəlbimdə yaşayaraq, mənəvi rahatlıq tapıram. Çünki Sizi işıqlı sabahımızın nuru, xoşbəxt gələcəyimizin təminatçısı kimi qəbul edirəm. Siz Azərbaycanın yeni və şərəfli tarixini yazmaqla 200 illik təhdidə və 30 illik Qarabağ həsrətinə son qoydunuz. Məhz Sizin uğurlu siyasətiniz nəticəsində bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, dayanıqlı və demokratik ölkə kimi tanınır. Bu üzdən də ailə üzvlərimiz başda olmaqla, yaxın çevrəmdəki insanlarla birlikdə 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləməyi öz adımıza və xalqımız adına ən doğru qərar hesab edirik. Möhtərəm cənab Prezident! Sizə bundan əvvəlki etdiyim rəsmi müraciətdən kiçik bir sitat gətirərək, bir qədər keçmişə nəzər salmaq istəyirəm. 1976-cı ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Böyük Teatrda" Azərbaycanın ilk xalq şairi, görkəmli dramaturq Səməd Vurğunun 70 illik yubileyinə həsr olunmuş konsert proqramından sonra ümummilli liderimiz Heydər Əliyevin biz iştirakçılara göstərdiyi diqqət və qayğını hələ də unutmamışam və bu xoş təəssüratlı görüşümüzdən uzun illər keçməsinə baxmayaraq, bu görüş indi də ən şirin xatirələrdən biri kimi ruhumu isidir. Əslində onun incəsənət sahəsindəki situasiyalarla bağlı maraqlı söhbətləri çox şeylərə heyrətlənmək mərhələsini yaşayan biz tələbələr üçün yaxşıca ustad dərsləri idi və ona görə də bizim 10 günlük səfər çərçivəsindəki yaradıcılığımıza ilham verən rəmzlərindən biri, əbədi olaraq qəlbimizdə yaşayan məhz Heydər Əliyev idi, bizi ruhlandıran, yaradıcı xəyallarımıza qol-qanad verən, həyatı və incəsənəti bütün çalarları ilə və boyasız anladan bir rəmz... Həmin konsert proqramından sonra bizlərə təqdim edilən o kiçik, lakin böyük məzmun ifadə edən hədiyyələri xatırlayanda, bir daha həmin xoş xatirələr mənə tərəf boylanır və çoxsaylı hekayətlər danışır. Hətta ümummilli liderimizin bir cümləsi - "sən böyük sənət adamı olacaqsan" fikri mənlm gələcək həyatımda, sonrakı illərdə bir dönüş nöqtəsi oldu. Məhz həmin illərdən "Qarabağ bülbülləri", "Mən mahnı qoşuram", "Sənətin akkordları" və "Xanəndə" kimi məşhur və sevilən Azərbaycan filmlərində öz ifa və yaradıcılığımla rol almağa başladım. Hələ uşaqkən "Qarabağ bülbülləri" ansamblının ifaçısı kimi ökəmizin hüdudlarından kənarda da tanınan və çox sevilən məşhur "Bayatı-şiraz" təsnifi ilə könüllüləri fəth edə bildim. Məhz bu gün həmin "Bayatı-şiraz" təsnifinin sədası altında Ali Baş Komandan kimi Sizin qələbə dolu söylədiyiniz fikirlərinizin yer aldığı qısametrajlı videoçarxa baxanda, ürəyim riqqətə gəlir və bununla böyük qürur hissi keçirirəm. Bütün qeyd edilənlərin davamı olaraq, uzun illərdir ki, musiqi sahəsində çalışıram və bu illər ərzində Azərbaycan mədəniyyətinin, milli musiqinin, ədəbiyyatın inkişafında göstərdiyim xidmətlərə görə və el arasında keçirilən sorğuya əsasən, ilin müğənnisi adına layiq görülməklə yanaşı, bir çox mükafatlara da layiq görülmüşəm. İçtimai həyata bağlı olan incəsənət adamı kimi, hər zaman üzərimə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirmişəm, dövlətimizin maraqlarını daim hər şeydən üstün tutmuşam. Bütün bunları bir Azərbaycan vətəndaşı kimi, özümə mənəvi-əxlaqi borcun icrası hesab etmişəm. Hörmətli cənab Prezident! Bu gün məhz Sizin Ali Baş Komandanlığınız altında qalib xalqın nümayəndəsi olaraq, Sizin kimi müdrik və uzaqgörən dövlət başçısına müraciət edirəm və inanıram ki, məhz Sizin humanistliyinizin nəticəsində etdiyim xahiş tərəfinizdən səmimi qəbul olunacaq və bu istiqamətdə aidiyyəti üzrə müvafiq tapşırıqlar veriləcəkdir. Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının fəxri adları haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il, 22 may 706 nömrəli fərmanının 4-cü bəndinə əsasən, Sizdən xahiş edirəm ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında yaxından iştirak etdiyimə görə, məni Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görəsiniz. İnanıram ki, məni bu fəxri ada layiq görmək istəyən, aşağıdakı adları çəkilən tanınmış sənət adamlarının, görkəmli mədəniyyət və incəsənət xadimlərinin də bu müraciətə böyük dəstək nümayiş etdirərək, səsimə səs vermələri Sizin diqqətinizdən kənarda qalmayacaq və bu istiqamətdə tərəfinizdən müsbət qərar qəbul olunacaqdır. Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından öz dərin minnətdarlığımı bildirirəm. Hörmətlə, Tacir Şahmalıoğlu. Müraciətimi dəstəkləyən Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri: 24 dekabr 2023-cü il, Bakı şəhəri. REDAKSİYADAN: Müraciət rəsmi olaraq Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına göndərilib. E.ŞİRİNOV Tezadlar.az