“Bank Avrasiya” BAĞLANIR? - NƏ BAŞ VERİR?

“Bank Avrasiya” ASC-nin 2023-cü ildə depozit portfelinin məbləği azalaraq 48 milyon 484 min manat olub. Ötən ildə bankın depozitlərinin məbləği 2022-ci illə müqayisədə 31 milyon 215 min manat, yaxud da 39,1% azalaraq 48 milyon 484 min manata enib.

Digər aktivlər də kəskin azalıb

Məlumata görə, hesabat dövründə “Bank Avrasiya”da fiziki şəxslərin depozitlərinin məbləği 24 milyon 622 min manat, yaxud da 36,7 % azalaraq 42 milyon 449 min manat olub. Hüquqi şəxslərin depozitlərinin məbləği isə 6 milyon 594 min manat, yaxud da 2 dəfə azalaraq 6 milyon 034 min manat olub.

2023-cü ildə “Bank Avrasiya”nın maliyyə aktivlərində birdən-birə 39 milyon 730,49 min manatlıq və ya 17,72 faizlik azalma baş verib.

Belə ki, 2022-ci ildə 55 milyon 830.09 min manat olan nağd pul vəsaitləri və ekvivalentlərinin həcmi birdən-birə 29 milyon 075,56 min manat və ya 52,08 faiz azalaraq 26 milyon 754.53 min manat təşkil edib.

Ticarət və investisiya qiymətli kağızlarında azalma isə çox kəskin olub. Belə ki, əvvəlki ildə 17 milyon 952.22 min manat olan bu vəsaitlər hesabat dövründə birdən-birə 10 milyon 378,77 min manat və ya 57,82 faiz azalaraq 7 milyon 573.45 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarda da ciddi azalma baş verib.

Təsadüfi deyil ki, hələ ötən ilin payızında tezliklə “BTB Bank” və “Bank Avrasiya”nın ləğv ediləcəyi barədə xəbərlər yayılmışdı. Həmin məlumatlarda qeyd edilmişdi ki, son dövrlərdə hər iki bankın fəaliyyətində durğunluq, geriləmə, statistik göstəricilərində inkişaf olmadığı, gəlirlərin azaldığı və hətta zərərlə işləyir.

2024-cü ilə böyük maliyyə itkisi ilə girən “Bank Avrasiya”nın maliyyə durumunun daha da zəiflədiyi aydın görünür.

“Bank Avrasiya” yaxın vaxtlarda bağlanacaq?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media ilə fikirlərini bölüşüb:

Onun sözlərinə görə, ola bilsin ki, fiziki şəxslərin əmanətlərini geri çəkməsi prosesi hüquqi şəxslərin depozitlərinin geri çəkməsi fonunda baş verib:

“Xeyli vaxtdır ki, söhbət gəzir ki, daha bir neçə bank bağlanacaq. Məlumatlı iş adamları da ola bilsin öyrəniblər ki, “Bank Avrasiya”nın perspektivi yoxdur. Ona görə də hüquqi şəxslər öz depozitlərini qorumaq üçün vəsaiti geri çəkib və yaxud başqa banka köçürüblər. Ona görə də “Bank Avrasiya”da hüquqi şəxslərin depoziti 2023-cü ildə iki dəfəyə yaxın azalıb. Bu da onu deməyə əsas verir ki, “Bank Avrasiya” yaxın zamanlarda bağlanacaq”.

“Baş verənlər “Bank Avrasiya” üçün yaxşı gələcək vəd etmir”

İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirib ki, “Bank Avrasiya” ümumi bank-maliyyə sistemində çəkisi böyük olmayan bir bankdır:

“Belə xırda banklarda bu cür hərəkətlərin baş verməsi təəccüblü deyil. Çünki xırda bankların çoxu özfəaliyyətlə məşğul olur. Belə banklarda “kənar müştəri” olmur. Yəni bank sahibi və onun yaxınları öz pullarını leqallaşdıraraq depozit kimi yatırırlar, lazım olanda da geri çəkirlər.

Ola bilsin ki, “Bank Avrasiya”nın “sponsorları” da belə bir addım atıb. Bu bir ehtimaldır. Digər ehtimalsa ondan ibarətdir ki, şirkətlər nədənsə narazıdırlar və yaxud nədənsə şübhələniblər. Bildiyimiz kimi, vətəndaşlar depozitə görə ildə “Bank Avrasiya”dan 10 faiz gəlir əldə edirlər. Hüquqi şəxslərin isə gəliri simvolik olur.

Bununla belə, hüquqi şəxslərin bank hesabında olan vəsaiti də depozit sayılır. “Nağdsız hesablaşmalar haqqında” qanuna görə sahibkarlar hesablaşmaları nağdsız edir. Qanuna görə, hüquqi şəxslər dövriyyədən asılı olaraq bank hesablarındakı vəsaitin yalnız 15 və yaxud 30 min manatını bir ay ərzində nağdlaşdıra bilirlər. Yəni iş adamları bankla “dil tapa” bilməyəndə öz vəsaitlərini başqa banka köçürürlər. Bütün hallarda “Bank Avrasiya” ətrafında baş verənlər yaxşı gələcək vəd eləmir”.

Məsələ ilə bağlı “Bank Avrasiya” ilə əlaqə saxladıq. Lakin bankdan bildirilib ki, məsələ ilə bağlı hər hansı açıqlama vermək istəmirlər.

Qeyd edək ki, "Bank Avrasiya" 2007-ci ildən fəaliyyət göstərir. 50 milyon manat nizamnamə kapitalı olan bankın Müşahidə Şurasının sədri Fuad Aslanovdur. "Bank Avrasiya"nın qanuni təmsilçisi isə Kərimov Rüfət Fuad oğludur.

Bizim.Media






Fikirlər