ŞAGİRDİ DÖYƏN İDARƏ MÜDİRİ HƏBS EDİLİB - Nə qədər rüşvət yığdığı açıqlandı (Yenilənib)

 

Baş Prokurorluq Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin həbsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, 2017-2022-ci illərdə Quba Rayon Təhsil şöbəsinin müdiri (hazırda ləğv olunub) və 27 noyabr 2023-cü il tarixinədək Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qeyd olunub ki, R.Hacıyevin işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında R.Hacıyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs edilib.

 

APA xəbər verir ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, rüşvət almaqda təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci ( rüşvət almaq) maddəsi ilə ittiham verilib. Müstəntiqin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir müddət əvvəl Rüfət Hacıyev 9-cu sinif şagirdini döydüyünə dair məlumat yayılmışdı. Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanmış hadisə ilə bağlı yayılan məlumatda bildirilmişdi ki, təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.






Fikirlər