Əhmədin ruhi xəstəliyi müəyyən olunsa... - Həbs olunmayacaq?
Ötən gün baş verən qətl bütün ölkə gündəmini zəbt edib. Qandonduran cinayət hər kəsi dəhşətə gətirib. Bir sıra insanlar və öldürən şəxslərin yaxınları hadisəni törətməkdə şübhəli bilinən Əhməd Əhmədovun ruhi xəstə olduğunu iddia edirlər. Lakin valideynlərini qətlə yetirən şəxslərin heç də hamısı ruhi xəstə olmur. Analoji hallar isə ölkə ərazisində çoxalmağa başlayıb. Maraqlıdır, bu kimi olayların təməlində hansı səbəblər dayanır? Məsələ ilə bağlı psixoloq Azad İsazadə “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, qətli törədən şəxsə uzun illər məcburi qaydada psixiatrik müalicə üsulu təyin olunacaq: “Dünən qətl törədən Əhməd barədə müxtəlif məlumatlar yayılmağa davam edir. Kimi deyir, o Rusiyada müalicə alıb, evdə dərmanlar qəbul edib, kimi də deyir ki, anasının təkidi ilə xəstəxanadan yenicə evə buraxılıb. Çox güman ki, bu insan sadəcə ruhi xəstədir. Beynində gedən sayıqlama prosesi nəticəsində bu faciəni törədib. Ruhi xəstələrdə adətən belə durumlar yaşanır. Onlar evdəkilərə, ailə üzvlərinə qarşı müəyyən dərəcədə aqressiv olurlar. Belə olduqda isə həmin şəxslərdə yaxınlarına qarşı müxalif davranış yaranır və onlar xəstəxanaya yerləşdirilib, dərman qəbul etməkdə, ümumiyyətlə bu kimi duruma düşməkdə evdəkiləri günahlandırırlar. Diqqətlə fikir verilsə, Əhmədin getdiyi mənzillərin hamısında ailə üzvləri yaşadığı müşahidə olunur. Onun kənar şəxslərə xəsarət yetirmə fikri olmayıb. Konkret olaraq ailə üzvlərini öldürmək istəyib. Bu da sayıqlama prosesində həmin şəxsləri düşmən gözündə görmək nəticəsində baş verib. Düşünürəm ki, ekspertiza rəyi əsasında Əhmədin anlaqsız olduğu müəyyən olunacaq və o, həbs edilməyəcək. Sadəcə uzun illər boyunca məcburi psixiatrik müalicə üsulu təyin olunacaq”. Psixoloq dünyada aqresiyyanın çoxaldığını və bu prosesin ailə münasibətlərinə də təsir göstərdiyini vurğulayıb: “Son illər ərzində ailədaxili konfliktlər çoxalıb. Belə mübahisələrin timsalında bəzən ağır nəticələrlə üz-üzə qalırıq. Bu onu göstərir ki, dünyada aqressiya çoxalıb. Daim müxtəlif ölkələrdən müharibə anonsları eşidirik. İstər Ukraynada, istər İsraildə, istərsə də, Fələstində və digər başqa münaqişəli ölkələrdə neçə minlərlə insan həyatını itirir. Bu da dünyada aqressiyanın çoxalmasına gətirib çıxarır. Təbii ki, bu hal ailədaxili münasibətlərə də öz təsirini göstərir”.