DSX hərbi qulluqçusu, şəhid mayor Baxışlı Baxış DƏFN EDİLDİ - FOTOLAR
İldırım vurması nəticəsində həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, şəhid mayor Baxışlı Baxış Elşən oğlu doğulduğu Tərtər rayonunun İsmayılbəyli kəndində torpağa tapşırılıb.
AzerTaym.az bildirir ki, Baxış Elşən oğlu ilə doğulub boya-başa çatdığı Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin doğmaları, silahdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib. İnsan izdihamı yaşanan mərasimdə çıxış edənlər şəhid mayorun şərəfli xidmət yolundan geniş söhbət açaraq, onun müharibə zamanı göstərdiyi qəhrəmanlıqdan, sonrakı xidmət dövründəki özünəməxsus nizam-intizamından danışıblar.Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, DSX general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov igid mayorun yaxınlarına, doğmalarına Allahdan səbr diləyib.
Vida mərasimindən sonra şəhid İsmayılbəyli kənd qəbiristanlığında, yaylım atəşlərinin sədaları ilə torpağa tapşırılıb.
Dəfn mərasiminin sonunda general Babək Qurbanov Azərbaycan bayrağını şəhidin atası Elşən Baxışova təqdim edib.
Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib.
44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.
Baxış Baxışlı subay olub.