`GÜNƏŞLİ`də EKOLOJİ monitorinqlər DAVAM etdirilir

 


 

“Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə monitorinqlər keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən xəbərə görə, keçirilən monitorinqlər zamanı sözügedən özül ətrafından müxtəlif nöqtələrdən (koordinatlar üzrə) dəniz suyu nümunələri götürülüb. Həmin nümunələr üzərində analitik, ekotoksikoloji və mikrobioloji təhlillər aparılıb: “Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosistemində ciddi ekoloji pozuntu halı aşkar edilməyib”.

Bundan başqa qəza baş vermiş ərazidə dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə monitorinqlərin keçirilməsi davam etdirilir: “Azərbaycan prezidenti tərəfindən imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istismara verilmiş qurğulara mütəmadi laborator nəzarəti bu il də davam etdirilib, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində təhlillər aparılıb və mikrobioloji baxımdan norma daxilində olduğu müəyyən edilib.

Eyni zamanda, idarə mütəxəssisləri hər il olduğu kimi cari ildə BP Şirkəti ilə birlikdə dəniz ekoloji ekspedisiyasında iştirak edib. Ekspedisiya zamanı “Dərin Sulu Günəşli”, “Çıraq”, “Qərbi Azəri”, “Şahdəniz” platformaları və boru kəmərləri zonasından su və dib çöküntüləri nümunələri götürülüb. Bundan əlavə olaraq hesabat ili ərzində BP Şirkətinin istismarında olan “Çıraq” platformasından və “Şahdəniz” yatağında qazma işləri aparan “İstiqlal” qazma qurğusundan dəniz suyu və su əsaslı qazma məhlulu nümunələri götürərək onlar üzərində təhlillər aparılıb.”

AzerTaym.az






Fikirlər