“Günəşli”ni söndürən gəminin komandiri vəfat etdi - FOTO
AzNews.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 1970-ci ilin martın 22-də Bakı şəhərində anadan olub. O, Bakı Dənizçilik Məktəbini bitirib. 1991-ci ilin sentyabrın 17d-dən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışmışdır. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb. İki övladı var.
Allah rəhmət eləsin!