Roza Tağıyeva: “Rafiq Hüseynovun yoxluğu HAMIMIZ ÜÇÜN AGIR İTKİDİR”
“Rafiq Hüseynovun yoxluğu bizim hamımız üçün ağır itkidir. Onun Azərbaycan televiziyasının inkişafındakı əməyi və zəhməti misilsizdir”. Bunu APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Roza Tağıyeva deyib.O bildirib ki, Rafiq Hüseynov çox gözəl iş yoldaşı, çox gözəl insan olub: “Düzdür, bir az ciddi idi. Qayda-qanun pozuntusu olanda gözünə heç nə görünmürdü. AzTV-də uzun müddət baş diktor olub. Dostdan, yoldaşdan asılı olmayaraq, güzəştə getməzdi, cəzasını verərdi. Gənclərə münasibəti çox yaxşı idi. Ülkərin, Nərgizin, Aynurun yetişməsində onun böyük əməyi var. Axır vaxtlar da gənc diktorlarla işləyirdi. Rafiq çox savadlı, bilikli adam idi. Rus və Azərbaycan dillərində çox gözəl danışırdı. Kino işçisi ilə kino, tarixçi ilə tarix haqqında danışa bilirdi”.R. Tağıyeva Rafiq Hüseynovla son görüşündən də danışıb: “Evinə getmişdik. Həyat yoldaşı Səbinə xanım bizə çox gözəl süfrə açdı, söhbət etdik. Düzdür, xəstəxana ictimai yerdir deyə, yanına getmədim, evdə baş çəkdim. Həm də xəstəxanada Rafiq müəllimi o vəziyyətdə görməyə ürəyim gəlmirdi. Rafiqin ailəsi ilə də, özü ilə də ömür boyu dostluq əlaqələrimiz olub. Rafiq müəllimin özünə də demişdim ki, bəxti onda gətirib ki, qarşısına Səbinə xanım kimi insan çıxıb. Səbinə onun üçün çox əziyyət çəkdi. Onu hər adam etməzdi. Hətta Rafiqin öz yaşıdı da o fədakarlığı etməzdi, Səbinə etdi. Biz də arxayın idik ki, Rafiq əmin əllərdədir. Ailənin yaxını kimi Rafiqin dünyasını dəyişməsi xəbərini hamıdan əvvəl mən bilirdim. Vida mərasimində də, dəfn mərasimində də iştirak edəcəyəm, onu son mənzilə yola salacağam. Biz hamımız Rafiqi çox istəyirik”.Qeyd edək ki, Roza Tağıyeva Rafiq Hüseynovun ilk həyat yoldaşı olub. Onların Rövşən adlı oğlu 1984-cü ildə 17 yaşında qətlə yetirilib. Onlar sonradan ayrılıblar.