Güləşçimiz Rəsul Çunayev (66 kq) yarımfinalda erməni Miqran Arutyunyanla üz-üzə gəlib.
APA-nın verdiyi məlumata görə, idmançımız bu mərhələdə rəqibinə uduzaraq finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhləvanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.
Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.
Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.