Xaqani Məmmədov haqda - şok video
Hakimlər Komitəsinin sədri, AFFA-nın hakim-inspektoru Xaqani Məmmədov haqqında şok video üzə çıxıb. Azərtaym.az sportinfo.az-a istinadən xəbər verir ki, HK sədri 2001-ci il iyulun 28-də UEFA kubokunda “Osiek” (Xorvatiya) və “Dinaburq” (Latviya) arasındakı oyunda rüşvət alıb və matçı idarə edən Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədovla birlikdə bunu həyata keçiriblər. Yayılan videoda eşidilir ki, Xaqani Məmmədov latviyalılar tərəfindən edilən təklifi laysmana çatdırır və onun baş hakimə deməsini istəyir. Asim Xudiyev təklifdən sonra xorvatiyalıların məğlubiyyətinə çalışsa da, buna nail ola bilməyib. Maraqlı bir fakt da ondan ibarətdir ki, həmin vaxt “Dinaburq” klubunun baş məşqçisi hazırda “Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçuk olub. Sözügedən məsələ videonun 3-cü dəqiqəsindən müzakirə olunur. Qeyd edək ki, Xaqani Məmmədovla əlaqə saxlamağa cəhd etsək də, sədr telefon zənglərimizə cavab verməyib. *** Keçmiş FİFA referisi Asim Xudiyev bu matç haqqında fikirlərini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib: "Mən həmin görüşdə baş hakim idim. Qeyd edə bilərəm ki, bu matçda heç bir gözlənilməzlik qeydə alınmadı. "Osiyek" güclü idi və 1:0 hesabıyla qalib gəlib, mərhələ adladı. İkinci hissədə Xaqani Məmmədovla Ramiz Əsədovun sözügedən məsələ ilə bağlı danışdığını eşitdim. Amma etiraf edim ki, oyunun gedişində söhbətin konkret nədən getdiyini başa düşməmişdim. Bütün fikrim oyunda idi. Həmin söhbəti də dəqiqliyi ilə oyundan sonra eşitdim. Yəni bunun oyuna, idarəçiliyimizə heç bir təsiri olmadı. Hakimlərin Latviya klubuna hansısa köməyindən söhbət gedə bilməz. Ona görə də vicdanım təmizdir".