AZƏRBAYCAN ÇEMPİONU BORCA görə öldürülüb - Təfərrüat

 cempionn gence (2)

Kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovun ölümü ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Mərhumun atası Elqədər Cəlilov AzVision.az-a oğlunun kriminal aləmlə əlaqəsinin olmadığını deyib.
Onun sözlərinə görə, Elmir Cəlilovun Gəncədə heç kimlə problemi olmayıb, qətlin səbəbləri onlara da məlum deyil: “Oğlumun hansı səbəbdən qətlə yetirilməsi ilə bağlı heç nə bilmirik. Elmir heç vaxt dava, münaqişə sevən insan olmayıb. Bütün Gəncə onun ölümünə ağlayır. Övlad itkisi böyük dərddir. Onu tanıyanların hamısı Elmirin ağıllı, düzgün oğlan olduğunu deyirlər. Oğlum idmançı olsa da, davakar deyildi”.

E.Cəlilov oğlunu güllələyən şəhər sakini Anar Tağıyevi tanımadığını deyib.

Qətlə yetirilən çempionun dostu Anar Məmmədov isə hadisənin pul üstündə baş verdiyini bildirib. Onun sözlərinə görə, Anar Tağıyev Elmir Cəlilovu borca görə öldürüb.

“Elmiri qətlə yetirən Anar Tağıyevin atası, qohumlarının əksəriyyəti həbsdədir. Onları Gəncə şəhərində cinayətkar kimi tanıyırlar. Anar Elmiri borca görə öldürüb. Elmir xalası oğlu ilə birlikdə Anara maşın satmışdı. Anar maşının pulunu vermədiyinindən aralarında mübahisə düşüb. Münaqişə də məhz bu səbəbdən olub. Pulu ödəməkdən boyun qaçıran Anar Elmiri görüşə çağıraraq güllələyib”.

Mərhumun qardaşı Ceyhun Cəlilov hadisə günü Elmirlə bir yerdə olduğunu deyib:“Qardaşımla birilikdə salonda bərbər işləyirdik. Həmin gün mən işdən bir az tez çıxdım. Elmir işdən çıxandan sonra evə gedəcəyini dedi. Birdən dostlarım zəng edib dedilər ki, tez xəstəxanaya gəl. Xəstəxanada qardaşımın meyitini gördüm. Hadisə şahidlərinin sözlərinə görə, Elmir küçədə olanda maşın ona yaxınlaşıb və atəş açılıb”.

Xatırladaq ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov qətlə yetirilib. Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.

Fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.






Fikirlər