MİLLİ MƏCLİS HESABLAMA Palatasının hesabatını qəbul edib
Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat hesabatı dinlənilib. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
V. Gülməmmədov bildirib ki, ötən il Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət məqsədi ilə 81-i audit, 1-i analitik təhlil olmaqla 82 nəzarət tədbiri həyata keçirib, 1 nəzarət tədbiri isə növbəti ilə keçirilib, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə nəzərdə tutulmuş nəzarət tədbirlərinin hamısı il ərzində həyata keçirilib. Bundan əlavə hesabat ilində 2014-cü il üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb.
“Hesabat ilində nəzarət tədbirlərindən 78-i dövlət büdcəsinin gəlir və xərclərini, 4-ü büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini, 24-ü Naxçıvan Muxtar respublikasının büdcəsini əhatə edib. Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri 4 mlrd. 177,8 mln. manat məbləğində vəsaiti əhatə edib. Qeyd edək ki, 2014-cü il ilə müqayisədə nəzarət tədbirlərinin sayı eyni olsa da, 2015-ci ildə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3% çox olub. Təhlil hesabat ilində cəmi əhatə olunmuş vəsaitin 46,6%-ni cari xərclər, 53,4%-nin isə əsaslı xərclərdən ibarət olduğunu göstərir. Cari xərclərin tərkibində əməktutmlu xərclərin xüsusi çəkisi 43,6% təşkil edib. 2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9%-i mərkəzləşdirilmiş, 9,1%-i isə yerli xərclər üzrə olub”, - deyə V. Gülməmmədov vurğulayıb.
Onun sözlərinə görə, 2015-ci ilin iş planına uyğun başa çatdırılmış və qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 mln. 496,1 min manat, dövlət büdcəsinin xərcləri ilə bağlı 4170 min manat məbləğində vəsait, həmçinin 39,5 min avro dövlət büdcəsinə bərpa edilib: “Əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Baş Prokurorluğa göndərilmiş materiallar üzrə 1055 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib. Beləliklə, hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 mln. 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib”.
Hesabat ilində dövlət büdcəsinə vəsaitlərin bərpası ilə yanaşı, 377,8 min manat məbləğində maliyyələşmənin azaldılmasına nail olunub ki, bu da dövlət vəsaitlərinin qənaətli istifadəsini təmin edib.
V. Gülməmmədov qeyd edib ki, vəsaitlərdən təyinatı üzrə istifadə olunmaması ilə bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilməkdədir.
Palata hesabat ilində müvafiq təhlillərin nəticələri ilə bağlı məlumatları, həmçinin büdcə prosesinin təkmilləşdirilməsi üzrə 16 istiqamətdə 40-dan çox təklifi, eyni zamanda tərtib etdiyi rəylərdə çoxsaylı təklif və tövsiyələrini Milli Məclisə təqdim edib.
Hesabat müzakirələrin yekununda səsverməyə qoyularaq qəbul olunub.