Bank işçisinə ömürlük HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəməsi başa çatıb. Bu barədə "Report"a zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov məlumat verib. Onun sözlərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Z.Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, ötən il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Qaradağ rayonu Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.