DEPUTATLAR dollar krediti ilə bağlı təklif hazırladı

“Deputatlar dollar krediti ilə bağlı təklif hazırladı

Milli Məclisin üzvləri dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlayır.

 AzerTaym.az xəbər verir ki, bu barədə movqe.az-a millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib. V. Əhmədov hələki təklifin nədən ibarət olacağı barədə ictimaiyyətə məlumat verilmədiyini, təqdim edildikdən sonra açıqlanacağını söyləyib: "Hazırda biz dollar kreditlərinin qaytarılması ilə bağlı təkliflər hazırlayırıq. Təkliflər təqdim olunduqda bu barədə mətbuata məlumat veriləcək".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli isə açıqlamasında təkliflərin bir hissəsinin aşağıdakılardan ibarət olduğunu söyləyib.

“Biz təklifləri elə hazırlamışıq ki, keçərli olsun. Təkliflərimiz dollar kreditlərinin qaytarılması ilə bağlıdır. Dollar kreditləri sistem məsələsidir. Ona görə də bu məsələyə sistemli yanaşmaq lazımdır. Dollar kreditlərinin qaytarılması ilə bağlı bütün yükü əhalinin üzərinə atmaq, problemi çətinləşdirmək deməkdir. İndiki vəziyyətdə demək olar ki, devalivasiyadan sonra dollar kreditlətinin qaytarılmasında əsas çətinlik xalqın üzərindədir. Xalq da qaytarmaqda çətinlik çəkir.

Tutaq ki, 160 manat alan pensiyaçı, aldığı təqaüddən devalivasiyadan əvəl 60 manat dollar krediti ödəməyə sərf edirdisə, devalivasiyadan sonra bu məbləğ 120 manata qalxıb. Pensiyaçı üçün isə yaşayış minimumu 115 manatdır. Faizləri də ödəyəndə yerdə 40 manat qalır. Bu düzgün deyil. Dollar kreditlərinə güzəşt məsələsinə gəldikdə, banklar deyir dövlət zərəri qarşılasın, dövlət qurumları da deyir ki, indiyədək banklar yüksək faizlə kredit verib yüksək gəlir əldə etdiklərindən, özləri güzəştə getsin.

Ona görə də biz təklif edirik ki, burada dövlət qurumları ilə bankların maraqları balanslaşdırılsın. Bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi Bank üzərinə götürsün. Beləcə dörd bucaq yaransın. Çünki, dolların məzənnəsinin gələcək aqibəti hələ dumanlıdır.

Biz təklif edirik ki, 1000 dollara qədər kreditlərlə bağlı, təhlil aparılsın. Məsələn əgər kredit götürən şəxs rəhmətə gedibsə, bu borc zaminin üzərində qalmasın. Ən yaxşı yol o krediti bağlamaqdır. Bundan əlavə, 5 min dollara qədər olan dollarla kreditlər, 1 manat 5 qəpiklə qaytarılsın. Əvvəl bunun üçün 250 milyon vəsait tələb olunurdusa, hazırda bu məbləğ olsun 280 milyon. Bu da o qədər böyük bir məbləğ deyil.

Təklifin ikinci hissəsi isə 5 mindən yuxarı olan dollarla olan kreditlərlə bağlıdır ki, bunun üçün də müxtəlif təcrübələrdən yararlanaraq güzəştlərin tətbiq edilməsi mümkündür. Biz təklif edirik ki, 5 min dollardan yuxarı olan kreditlər üçün orta məzənnə tətbiq edilsin. Yaxudda o kreditlər hansısa formada manata çevrilsin yaxudda dollara nisbətdı sabit bir məzənnə müəyyənləşdirilsin ki, gələcəkdə əlavə problemlər yaranmasın. 1,2 və ya 1,25 məzənnə ilə hesablansın. Bu 5 mindən yuxarı olan dollar kreditləri ilə bağlı təklifimizdir. Ola bilər ki, müddəti uzadılsın.

Bizim dollarla bağlı ünvanladığımız təkliflərdən də bura əlavə edəndə, fikrimizcə ortaq məxrəcə gələrək dollarla kreditlərin qaytarılmasında yaranmış çətinliyi aradan qaldırmaq olar".

Ə. Məsimli yaxın vaxtlarda təkliflərin aidiyyatı qurumlara təqdim olunacağını da söyləyib.






Fikirlər