HÖKUMƏTİN DOLLAR KREDİTİ ABSURDU! Əsas - KİMİ XİLAS ETMƏLİ?
ÇIXIŞ YOLU ÖDƏNİŞİ TAMAMİLƏ DAYANDIRMAQDIR! “Azərbaycanda əhalinin 10 min dollara qədər olan istehlak kreditlərini köhnə məzənnə ilə qaytarması məsələsi hələ də gündəmdədir”. Bu barədə AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Deputat qeyd edib ki, bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı ilə məsləhətləşmələr aparılır: “Təklif edirik ki, 10 min dollaradək kreditlər köhnə məzənnə, yəni 1,05 manatla qaytarılsın. Bu məsələ hələki öz həllin tapmayıb. Görünür, bununla bağlı fikir ayrılığı var. 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılması düzgün olardı. Hazırda Mərkəzi Bank ilə hökumət arasında danışıqlar aparılır və vəsaitin mənbəyi axtarılır. Vəsaitin hökumət, yoxsa Mərkəzi Bank tərəfindən verilməsi məsələsi müzakirə olunur. Bu qanun layihəsi deyil, hökumətə edilmiş təklifdir. Milli Məclisin buna qərar verməyə ehtiyacı yoxdur. Bu artıq Azərbaycan hökumətinin və bankların məsələsidir”. Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclasında jurnalistlərə açıqlama verən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 5000 dollara qədər olan kreditlərə güzəşt oluna bilər və hazırda bu məsələ hökumətin gündəliyindədir. Baş bankir qeyd edib ki, 5000 dollara qədər olan kreditlər kredit portfelində 250 milyon dollar təşkil edir. “Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”. Dollar kreditləri problemi ilə bağlı maliyyə naziri Samir Şərifov da danışıb. Nazir ANS-ə müsahibəsində deyib ki, əhalinin 5 min manatadək olan kreditlərinə hökümət tərəfindən güzəşt edilməsi məsələsi qərara alınsa belə, bu yaxşıca yoxlanılmalıdır. Telejurnalistin “hökümətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə hökümət tərəfindən güzəşt olunub-olunmayacağı” sualına nazir belə cavab verib: “Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa dövlət söz verir ki, yüz faiz, vətəndaşın qoyduğu əmanətin məbləği ona qaytarılacaq. Bu həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur.” Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununla da yüksək gəlir əldə edirlər. “Bu məsələlər ətrafında müzakirələr davam edir”, – deyə Sərifov bildirib. Azərbaycan hökumətinin yüz minlərlə insanı narahat edən dollar kreditləri məsələsinə bu dərəcədə qeyri-ciddi, anti-xalq mövqeyi sərgiləməsi heyrət doğurur. Halbuki, bankların əhaliyə kreditləri xarici valyuta ilə təklif etməsinin bir nömrəli günahkarı elə Azərbaycan hökumətidir. Azərbaycanın ətrafındakı heç bir ölkədə – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, İran və bir başqasında, banklar əhaliyə dollarla kredit verə bilməzdilər. Lakin Azərbaycan hökuməti illərdir bu açıq konstitusiya pozuntusuna göz yumub, əhalini arxayınlaşdıraraq tələyə salıb, indi də bir qrup oliqarxın, məmurun əlində olan bank sektorunun müdafiəsinə qalxıb. Çox da uzaq olmayan keçmişdə Azərbaycan məmurları manatın möhkəmliyi ilə bağlı danışmağı xoşlayırdılar. Hətta ölkə başçısı xarici vətəndaşlara, şirkətlərə vəsaitlərini Azərbaycan manatı ilə saxlamaq barədə çağırış da etmişdi. Belə bir şəraitdə Azərbaycan vətəndaşı indiki vəziyyəti görə bilərdimi? Mütəxəssislər, hökumət üzvləri manatın hazırki çöküşünü proqnozlaşdıra bilmirdilərsə, sadə vətəndaş bu təhlükəni necə hiss etməli və bankların dollar təklifindən imtina etməli idi? Hökumət bu suallara cavab vermək istəmir və hətta bəzi məmurlar utanmadan “banklar üçün də ağlamağın” vacibliyini yuksək kürsülərdən bəyan edirlər. İndi isə ortaya 5 min dollaradək kreditlərə güzəşt məsələsini atıb, hətta bunu da həll etmək istəmirlər. Halbuki, 5 min dollaradək kreditlərin köhnə məzənnə ilə ödənilməsi məsələsi tamamilə əhəmiyyətsiz bir işdir. Bu qərarı versələr nə olar, verməsələr nə?Vətəndaş bankdan vur-tut 5 min dollar kredit götürübsə, məntiqlə indiyədək ən azı 1 il banka ödəniş edib. Nəzərə alsaq ki, istehlak kreditləri ən çoxu 3 illik verilir, deməli əksəriyyət bu müddətin ən azı yarısını arxada qoyub (İlk devalvasiya təxminən 1 il əvvəl baş verib, dollar kreditləri də əsasən həmin vaxtadək götürülüb-red). Başqa sözlə, ilk devalvasoyadan əvvə bankdan 5 min dollar kredit götürən vətəndaşın, banka ən pis halda təxminən 3500 dollar borcu qalır. İndiki kursla hesablasaq, banka 3500 dollar borcu olan vətəndaş, ikinci devalvasiyadan sonra təxminən 2 min manat ziyan etmiş olub. Ən pis halda. Bu, elə bir böyük rəqəm deyil ki, vətəndaş onun altında əzilsin. Dövlət, kömək etməsə də faciə baş verməyəcək. Dərd bankdan 30, 40, 100 min dollar kredit götürənlərin dərdidir. Məsələn, tutaq ki, vətəndaş bankdan 50 min kredit götürüb, müəyyən avadanlıqlar alıb, yer icarələyib və kiçik bir istehsal müəssisəsi açıb. 50 minə qurulan müəssisə isə, aya ən yaxşı halda 1500-2000 manat xeyir verəcək.Adamın banka aylıq ödənişi də aşağı-yuxarı bu qədər edib. 2 devalvasiyadan sonra bu sahibkarın banka ödənişi azı 120 faiz artıb – 3 min manatı keçib. Üstəlik, iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar istehsal və satışı da kəskin zəifləyib. Deməli bu adam bir tərəfdən iş yerinin bağlanması (müəssisədə işləyən 5-10 adamın işsiz qalması), digər tərəfdən isə banka qoyduğu əmlakının əlindən çıxması təhlükəsi ilə üzləşib. Çox böyük ehtimalla, banka qoyduğu əmlak da yaşadığı evdir. İNDİ GƏLİN BAXAQ GÖRƏK, NORMAL, XALQINI DÜŞÜNƏN, İQTİSADİYYATINI XİLAS ETMƏK İSTƏYƏN, İNSANINA DƏYƏR VERƏN hökumət, bu vəziyyətdə əslinə kimə kömək etməlidir? 5-10 nəfərin işlədiyi müəssisəni bağlamaq, evini itirmək, sonda intihar təhlükəsi ilə üzləşən vətəndaşına, yoxsa 1000-2000 min manat ziyan edən və əslində verməyəcəyi halda belə ciddi təhlükə ilə üzləşməyəcək insana? Əslində bu korrupsiya bataqlığında batan, ancaq özünü düşünən yarıtmaz hökumətin 5-10 min dollaradək olan kreditlərin məsələsini aktuallaşdırması təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycandakı bankların əksəriyyəti elə bu hökumətin üzvlərinə məxsusdur. 5-10 min dollaradək olan kreditlərin mütləq əksəriyyəti isə girovsuz verilib. İndi banklar bu girovsuz kreditləri geri qaytarmaqda problemlə üzləşiblər. Belə görünür ki, məmur-bankirlər bu problemi dövlət büdcəsinin hesabına həll etmək istəyirlər. 10 mindən yuxarı kreditlər isə girovla olduğundan, banklar bir qədər arxayındırlar. LAKİN BVELƏ GÖRÜNÜR Kİ, HÖKUMƏTDƏKİLƏR VƏZİYYƏTİN CİDDİLİYİNİ HƏLƏ DƏ TAM DƏRK EDƏ BİLMİRLƏR! Bankları, əhalinin yüklənməsi hesabına xilas etmək qeyri-mümkündür. Dollar kreditləri problemini həll etməyin yeganə yolu ölkənin valyuta ehtiyatları hesabına yaranmış fərqi-ziyanı ləğv etmək və bank-əhali münasibətlərini əvvəlki səviyyəsinə qaytarmaqdır. HÖKUMƏT BU ADDIMI ATMASA, BANKLAR YENİ MƏZƏNNƏ İLƏ TƏLƏB ETMƏKDƏ DAVAM ETSƏLƏR, YEGANƏ ÇIXIŞ YOLU ÖDƏNİŞİ TAMAMİLƏ DAYANDIRMAQDIR! Yüz minlərlə insanın səfil gününə düşməsindənsə, 10-15 oliqarxa məxsus sələmçi banklar batsın! Çünki ödənişi davam etdirməklə heç nəyə nail olmaq mümkün deyil: 3-5 aydan sonra manat-dollar nisbətinin 1 dollar-3 manat səviyyəsinədək aşağı düşməyəcəyinə heç bir təminat yoxdur. Nəzərə alsaq ki, neftin qiyməti də 30 dollar civarındadır, deməli belə bir təhlükə çox realdır. QISASI, HÖKUMƏT XİLAS ETMƏSƏ, ONSUZ DA BATACAQSINIZ - Ö-DƏ-MƏ-YİN! AzPolitika.info