Bəzi banklar dollar əmanətçilərinin vəsaitlərini niyə geri qaytarmağa çalışır?
Mərkəzi Bankın son günlər valyuta bazarında stabilliyi bərpa etmək üçün atdığı addımlara baxmayaraq, vəziyyət ağır olaraq qalır. Mərkəzi Bankın bazara müdaxiləsi ilə dolların məzənnəsində uzun müddət stabil vəziyyət yaratmaq mümkünsüz kimi görünür və bu səbəbdən də yanvarın 15-də Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satılıb.
Məlumatlara görə, hərraclar vasitəsilə satılan valyutanın böyük əksəriyyəti Beynəlxalq Bank və Paşa Bank tərəfindən alındığından digər banklara hərracdan cüzi dollar ehtiyatı çatıb. Ona görə də digər bankların valyutaya olan tələbatı hələ də qalmaqdadır.
Bu arada qeyd edək ki, Mərkəzi Bank dollarla satışı bir neçə gündür ancaq “AzərTürk bank”a icazə verdiyi üçün bankın qarşısında böyük izdiham yaşanır.
Mərkəzi Bankın rezervləri sürətlə tükənir. İqtisadçı ekspertlər iddia edir ki, banklara dollar satılması qısa müddətlik dövr üçün tələbatı ödəyə bilər. Hərraclar gün ərzində bir neçə dəfə keçirilməlidir ki, valyuta bazarında olan ajiotaj da müəyyən dərəcədə aradan qalxsın.
Xəbərlərə görə, hökumət dekabrın 21-dəki ikinci ciddi devalvasiyadan sonra manatı üzən məzənnə rejiminə keçirməklə yanvarın ortasında dolların kursunun manata nisbətdə 2.15 olmasını proqnozlaşdırıbmış. Hazırda neftin dünya bazarındakı qiyməti də bu məzənnəni diqtə edir. 21 dekabr qərarından sonra manatın dollara nisbətdə daha da zəifləməsi müşahidə edilirdi ki, bu da yanvarın ilk ongünlüyündə valyutadəyişmə məntəqələrində özünü göstərdi.
Hətta avro 2 manat 5 qəpiyə, dollar isə 1.85-dək yüksəldi. Mərkəzi Bankdakı mənbə “Yeni Müsavat”a deyib ki, məhz sosial narazılığın aksiyalar şəkildə özünü büruzə verməsi prosesi dayandırıb. Yəni hökumət dolların 2 manatlıq həddinin keçməsini qarşısıalınmaz proseslərə səbəb olacağından ehtiyatlanıb. Məhz bu səbəbdən Mərkəzi Bankla bərabər Dövlət Neft Fondun da dövriyyəyə girib və banklara dollar satışına başlayıb. Amma mənbəmiz deyib ki, dollarla bağlı bütün bu inzibati addımlar yalnız müəyyən dövr üçün effektiv ola bilər. Bu səbəbdən də banklar hərraclardan aldıqları dolların müəyyən hissəsini bazara çıxarır, öz məhdud rezervlərinə isə ümumiyyətlə toxunmur.
Maliyyə çevrələrindəki qaynağımız isə bu xəbərləri təsdiqləyərək deyib ki, dolların kursunun 2 manatlıq həddə çata biləcəyi barədə informasiyalar dollarla olan əmanətlərdə özünü göstərir. Belə ki, bəzi banklar dollar əmanətçilərini vəsaitlərinin geri almağa çağırır. Banklar bunu belə izah edirlər ki, guya banklar bağlana, əmanətləri bata bilər.
Amma əslində banklar dolların manata nisbətdə yenidən sıçrayış edəcəyi səbəbindən xarici valyuta ilə olan yüksək faizli əmanətlərdən belə deyək, can qurtarmağa çalışırlar. Çünki dolların kursu qalxdıqdan sonra əmanətlərə təyin edilən faizlər (indi 12-18 faiz arasıdır) də aşağı düşəcək. Bu isə bankları əmanətlər üçün təyin edilmiş artıq faiz yükündən azad edir, həm də gələcəkdə əmanət qəbulu üçün çox sərfəlidir…
Daha bir ilginc məlumat banklara kreditlərin verilməməsi ilə bağlı Mərkəzi Bank tərəfindən verilən göstərişdir. Qaynağımız deyib ki, bu qərar hökumətin antiböhran proqramı, daha doğrusu ixtisarlarla bağlıdır. Məlumdur ki, yaxın vaxtlarda hökumət yeni ixtisarlara başlayacaq və bu, dövlət müəssisələrindən tutmuş özəl sektorda çalışanları əhatə edəcək. Mərkəzi Bankın narahatlığının səbəbi bu baxımdan aydındır. Çünki banklar problemli kreditlərin girdabında zatən batır. İndi isə hətta dövlət qulluğunda çalışanların belə sabah işsiz qalmayacağına heç bir zəmanət yoxdur.(“Yeni Müsavat”)