Azərbaycanın kütləvi informasiya vasitələri tez-tez SOCAR-ın qardaş Türkiyə iqtisadiyyatına investisiya qoyuluşları barədə məlumatlar verirlər.
Lakin bu xəbərlər çox vaxt qısa olur və yalnız həyata keçirilmiş əməliyyatları əks etdirir. SOCAR-ın Türkiyə iqtisadiyyatında iştirakını həmin xəbərlərə əsasən tam təsəvvür etmək mümkün olmurdu. Mənzərəni bütün çalarları ilə “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov təqdim edib.
"Petkojen" layihəsinə maliyyə cəlb olunması üçün banklarla apaılan danışıqlar mövzusuna toxunan Z.Qəhrəmanov bildirib ki, bu layihəyə maliyyə cəlb olunması üçün Türkiyə bankları ilə danışıqlar yekunlaşıb və təkliflər alınıb, qiymətləndirmə aparılır: “Maliyyə baxımından heç bir problem yoxdur. Bu layihə üçün maksimum 1 mlrd. dollara qədər türk banklarından vəsait cəlb edə bilərik. Təkliflər var. Bu layihə türk bankları üçün maraqlıdır. Amma avadanlıqlar Amerikadan olarsa, Amerikanın "Eximbank"larını, Çindən olarsa Çin banklarını da cəlb edə bilərik. Bu məsələyə baxılacaq və faiz baxımından ən sərfəli təklif dəyərləndiriləcək”.
Onun sözlərinə görə, bu layihənin Petkim yarımadasının enerji təhlükəsizliyi baxımından dəyərləndirməsi aparılır. “İlk növbədə STAR zavodunun enerji təhlükəsizliyini təmin etməliyik. STAR zavodu fəaliyyətə başlayanda elektrik dəstəyi olmalıdır. Buna görə mühəndislik işlərində yenidən dizayn aparılır. Bu il işlər başlanacaq. Aktiv fazaya isə gələn ildən keçiləcək”, - Zaur Qəhrəmanov deyib.
Bildirilib ki, STAR zavodunun inşası üzrə 65% işlər yekunlaşıb. İndiyədək zavoda 3 mlrd. dollara yaxın vəsait xərclənib.
"Petlim" limanının I fazası üzrə işlər yekunlaşıb. Rəsmi açılışın dövlət səviyyəsində olması planlaşdırılır. Bu isə Azərbaycan və Türkiyə Prezidentlərinin proqramından asılıdır. Limanın işlənməsi ilə bağlı "Maersk"in "APM Terminals" şirkəti ilə təhvil-təslim proseduru aparılır. "Petlim" limanının II fazası üzrə işlər isə gələn il başa çatdırılacaq. II faza üzrə tikinti işləri qrafikə uyğun olaraq aparılır.
TANAP-ın inşası üzrə işlərdən danışarkən “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Trans-Anadolu Boru Kəməri (TANAP) üzrə artıq 550 km işlərin görüldüyünü qeyd edib. Əskişəhərə qədər olan hissədə isə işlərin 45%-i yekunlaşıb.
İndiyədək Petkim, Petlim, STAR və TANAP layihələrinə həm SOCAR-ın, həm tərəfldaşlarının, həm də cəlb olunan kreditlə birlikdə xərclənən vəsait 7,5 mlrd. dollar təşkil edib.
Bu yaxınlarda Türkiyədə 8 ədəddən ibarət "SOCAR CNG" şəbəkəsinin inşası tamamlanıb. Zaur Qəhrəmanovun sözlərinə görə, bu layihə davam edəcək: “Bu layihəni uğurlu layihə hesab edirik. CNG-lərin sayını artırılması təkcə SOCAR-dan asılı deyil. Türkiyədə bu işlə ancaq 2-3 şirkət məşğul olur. Avropada isə bu təşəbbüs geniş yayılıb. Avropalılar dizel və ya benzindən daha yaşıl olan CNG-yə keçmək istəyirlər. Türkiyədə infrastruktur yaradılmalıdır. CNG stansiyası bir ərazidə tikilibsə, müəyyən məsafədən sonra digər stansiya olmalıdır.Şəbəkə yaradılmalıdır. Burada hər şey bizdən asılı deyil. Onun inkişafı ümumi Türkiyə konyukturasından asılı olacaq”.
"Petkim Holding"in STAR zavodundan 7-9% pay alması məsələsi də yekunlaşmaqdadır. "Petkim Holding" xalqa açıq şirkətdir. Bu şirkətdə bizdən başqa 40 min səhmdar var. Ona görə proses biraz ləngiyib, amma prinsipial razılıq var”, - Z.Qəhrəmanov deyib.
Xatırladaq ki, bu yaxınlarda "SOCAR Turkey" "Petkim Holding"də 5,32% hissəni birjada satışa açıq elan edib. Baş direktor bununla bağlı bildirib ki, şirkət "Petkim Holding" özəlləşdiriləndə 51% hissəni alıb. “Sonra ikinci özəlləşdirmədə 10,32% və birjadan 5% hissə alındı. Biz həmişə əlavə alınmış faizlərə (15%) bufer kimi baxmışıq. "Petkim Holding" çox səmərəli işləyir. Keçən ili xalis mənfəətlə başa vurub. Bu ilin I rübündə çox yaxşı nəticələr əldə etmişik. Şirkətin səhmlərində artım var. Əlavə olunmuş səhmlər bazar konyukturasından asılı olaraq alınıb-satılır. Hazırda səhmlər yüksəkdir. Ona görə də satıb Türkiyədəki digər investisiyalara yönəldirik. Bu, normal prosesdir. Hazırda "Petkim Holding"də payımız 56-57% təşkil edir. Biz "Petkim Holding"dəki payımızı heç vaxt 51%-dən aşağı salmayacağıq. Bu, bizim üçün strateji aktivdir. Türkiyədə ən önəmli aktivlərdən biridir. "Petkim" olmasaydı, bəlkə də Türkiyədə digər layihələrimiz də olmazdı. Bizim üçün "Petkim Holding" Türkiyəyə giriş qapısı idi”, - Z.Qəhrəmanov sözlərini tamamlayıb.