Dövlət Neft Fondunun bu ilki fəaliyyətinə dair 5 ÖNƏMLİ məqam...

Bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Fondun cari il üçün gəlir və xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azalsa da onun fəaliyyətində diqqəti çəkən daha 5 önəmli cəhəti qeyd etmək istərdim.

Birincisi, bu ilin birinci yarısında Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri manatla 24,6 faiz artaraq 301,5 milyon manata bərabər olsa da dollarla qazancı 18 faiz azalaraq 188,5 milyon dollar olub. Halbuki ötən ilin eyni dövründə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri həmin dövrə olan məzənnə ilə 230 milyon dollar təşkil edirdi. Məlumat üçün əlavə edim ki, ARDNF-nin investisiya portfelinin 79,6 faizini istiqrazlar və pul bazarı alətləri, 11,1 faizini səhmlər, 5,5 faizini daşınmaz əmlak və 3,8 faizini isə qızıl təşkil edib. Onu da əlavə edim ki, aktivlər arasında ən yuxarı gəlirlilik əmlak, ən aşağı gəlirlilik isə istiqrazlar və pul bazarı alətlərində qeydə alınıb. ARDNF-nin aktivlərinin 45 faizi, Avropa, 27 faizi Asiya/Sakit okean, 23 faizi Şimalı Amerika dövlətlərindədir. Aktivlərin 34,6 faizi 1 ilə qədər, 22,4 faizi 1 ildən 3 ilədək, 13,1 faizi 3 ildən 5 ilədək, 9,43 faizi 5 ildən çox müddətdə, 20,45 faizi isə müddətsiz olaraq səhmlər, daşınmaz əmlak və qızılda yerləşdirilib.
İkincisi, hesabat dövründə, ARDNF-dən 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 milyard 760 milyon manat və ötən ilun eyni dövrü ilə müqayisədə 2 dəfə az vəsait dövlət büdcəsinə transfert edilib. Nəticədə, bu iln dövlət büdcəsində neft gəlirlərinin payı, eləcə də dövlət büdcəsinin Neft Fondundan asılılığı azalıb.
Üçüncüsü, bu ilin 6 ayı ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 8,5 milyon manat və ya ötən ilin eyni dövrünün xərclərinin 62 faizi qədəri olub. Belə ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil etmişdi. ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərinin azalması onun yeni inzibati binaya köçəndən sonra icarə xərclərinin ixtisar olunmasının və mövcud vəsaitlərindən rasional istifadəsinin göstəricisi sayıla bilər.
Dördüncüsü, əgər bu il valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqə görə ARDNF-nin büdcədənkənar xərci yaranmış və 65,4 milyon manat təşkil etmişdirsə, əksinə ötən il bu mənbədən Fondun 8 milyard 13 milyon manat çox büdcədənkənar gəliri olub. Bu il ARDNF-nin büdcədənkənar xərcinin yaranmasının başlıca səbəbi bu il ərzində Breksit hadisəsi ilə əlaqədar olaraq funt sterlinq və avronun məzənnəsində baş verən dəyişikliklərlə izah oluna bilər.
Nəhayət beşincisi, bu ilin 6 ayı ərzində keçən ilin eyni dövrünə nisbətən Fondun aktivləri 665 milyon ABŞ dolları və 1,85 faiz azalaraq 35 milyard 118 milyon ABŞ dollarına bərabər olub. Bununla yanaşı onu da qeyd edək ki, 2016-cı il iyulun 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəli ilə müqayisədə 4,6 faiz artıb.
Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri






Fikirlər