Heydər Babayevin əlindən çıxan ”Bank Standard”ın idarəetməsi yeni İdarə Heyətinə verildi — RƏSMİ
3 avqust 2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının ”Bank Standard” KB-yə təyin etdiyi müvəqqəti inzibatçılıq başa çatır və bankın idarəetməsi yeni İdarə Heyətinə keçir. Ölkə.Az xəbər verir ki, bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb. Həmin məlumatda qeyd edilir: Son illər ”Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuşdur. Bunun nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdır. Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Palata tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir. Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunmuşdur. Bu proses çərçivəsində “Azər-Türk Bank” ASC tərəfindən “Bank Standard” KB-nin idarəedici orqanlarına yeni üzvlər təklif olunmuş və MBNP tərəfindən müsbət qiymətləndirilmişdir. Avqustun 2-də Palatada “Azər-Türk Bank” ASC rəhbərliyi və “Bank Standard” KB-nin təklif olunan yeni İdarə Heyət rəhbərliyi ilə görüş keçirilmiş və bankın gələcək inkişaf strategiyası müzakirə edilmişdir. MBNP rəhbərliyi “Bank Standard” KB-nın maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində təklif və tövsiyələrini vermiş və yeni menecmentə lazımi dəstək göstərməyə hazır olduğunu bildirmişdir.