Beynəlxalq Sığorta Şirkətində Ləğvetmə Komissiyası yaradılıb

b902bee3-6d43-4a61-8c15-5569dde3cb7b_292

Yaxın günlərdə “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin (BSŞ) ləğv edilməsinə başlanılacaq.

Bu barədə “Report”a şirkətin 100% təsisçisi olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) bildirilib.

 

Məlumata görə, bu məqsədlə bankın baş direktoru Hidayət Sultanovun rəhbərliyi ilə Ləğvetmə Komissiyası yaradılıb: “Komissiya 5 nəfərdən ibarətdir. Yaxın günlərdə BSŞ-nin İdarə Heyəti işdən kənarlaşdırılacaq və şirkətin öhdəliklərinin icrası ilə bağlı məhz bu komissiya məşğul olacaq. Böyük ehtimalla BSŞ-nin portfeli başqa sığorta şirkətinə ötürülməyəcək”.

Xatırladaq ki, ABB-nin səhmdarlarının oktyabrın 12-də keçirilmiş növbədənkənar ümumi yığıncağında BSŞ-nin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib. Buna səbəb şirkətin maliyyə göstəricilərinin təsisçini qane etməməsi olub.

Qeyd edək ki, BSŞ 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu ilin ilk yarısında aktivləri təxminən 10% azalan şirkət yarımilliyi 1,485 mln. manat xalis zərərlə başa vurub.

 






Fikirlər