Hər bir iqtisadi böhrandan çıxış yolu ölkədəki iqtisadi aktivliyi artırmaqdan keçir. İqtisadi aktivlik isə ilk növbədə ölkə iqtisadiyyatına kapital axını ilə təmin edilməklə əldə oluna bilər. Bu, hər hansı bir yenilik deyil, dünyanın müxtəlif ölkələrinin dəfələrlə keçdiyi yoldur və bu yolun alternativi olmur.
Ölkə iqtisadiyyatına investisiya axınını mümkün edən ən mühüm şərt isə ölkədə mövcud olan ictimai-siyasi sabitlik və yatırımlar üçün bundan heç də az əhəmiyyət kəsb etməyən maliyyə sabitliyidir. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik kifayət bir səviyyədədir. Lakin təəssüf ki, bunu ölkədəki maliyyə sabitliyi haqqında demək mümkün deyil. Ölkənin maliyyə sabitliyinin əsas göstəricisi milli valyutanın durumudur. Milli valyuta sabit deyilsə, deməli ölkənin maliyyə vəziyyəti sabit deyil. Bu sabitlik olmayan yerdə isə nəinki xarici investorlar, hətta yerli investorlar da ölkə iqtisadiyyatına yatırım etməkdən ehtiyatlanırlar. Bir sözlə, milli valyutanın qeyri-sabit olduğu dövr, investorlar üçün ən təhlükəli dövr hesab olunur. Bu bizim kəşfimiz deyil, reallıqdır.
Keçən il manatın məzənnəsində baş vermiş iki kəskin devalvasiya, son devalvasiyadan ötən bir il ərzində onun rəsmi məzənnəsinin daha 13,1 faiz ucuzlaşması (qeyri-rəsmi məzənnənin isə 20%-dən çox ucuzlaşması) və hökumətin gələn ildən manatı tam sərbəst buraxmaqla bağlı müəyyən etdiyi kurs, hər birinvestoru ciddi düşündürən məsələdir.Milli valyutanın məzənnəsi ətrafındakı bu çətinlikləri yaradan başlıca səbəblər neftin qiymətlərində baş verən kəskin azalmalar oldu. Rəqəmlərin dili ilə desək, 2013-cü ilin 10 ayı ilə müqayisədə cari ilin 10 ayı ərzində xarici ticarət dövriyyəmiz 2 dəfədən, ixracımız60%-dən çox,qeyri-neft sektorundan ixracımız isə 40%-dən çox azalmışdır. Müqayisə edilən dövrdə ümumi ixracın 60%-dən çox azalmasının bilavasitə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə bağlılığı hər kəsə aydındır. Lakin həmin dövrdə qeyri-neft sektorundan ixracın 40%-dən çox azalmasının səbəblərini izah etmək olmur. Bu vəziyyətin səbəbləri ölkə iqtisadiyyatının durumunu araşdırmağa borclu olan müvafiq qurumların vəzifə borcudur. İxracın kəskin azalması səbəbindən xarici valyuta axını da kəskin şəkildə azaldı və bu səbəbdən ölkənin maliyyə vəziyyətində gərginliklər yaşanmağa başlandı.
Milli valyutanın qeyri-sabitliyi nə qədər davam edə bilər? Bu vəziyyətdən çıxışın yolları hansı tədbirlərin görülməsindən keçə bilər? Neftin qiymətlərinin qalxmasına nə kimi ümidlər var? Və ümumiyyətlə gələn il dünyanın iqtisadi müstəvisində və maliyyə bazarlarında hansı prosseslər mükündür? Bütün bu suallara dəqiq cavab tapmaq çətindir. Lakin hadisələrin bu günə qədərki inkişafı aşağıdakıları deməyə əsas verir.
İlk öncə onu deyək ki verilən bütün pozitiv proqnozların əksinə olaraq gələn il neftin qiymətlərində artımlar deyil, ciddi azalmalar daha çox gözləniləndir.Ucuz neft siyasəti ABŞ-ın əlində Rusiya iqtisadiyyatını çökdürmək üçün ən təsirli silahdır və yaxın gələcəkdə onun bu silahı yerə qoyacağı heç gözlənilən deyil.Bəs gələn il dünyanın bir nömrəli valyutası – dollar özünü necə aparacaq?Bu günlərdə Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq qərarı çoxdan gözlənilirdi. Amerika Birləşmiş Ştatlarının bahalı dollar siyasəti dünya maliyyə sisteminə və ABŞ-ın iqtisadiyyatına nə vəd edir? Uçot dərəcəsi qaldırıldıqdan sonra dollar canlanır, baha dollar Amerika aktivlərinin gəlirliliyini daha da artırır və bu səbəbdən ölkəyə xarici kapital axını güclənir.Təbi ki, FES-in bu qərarından sonra dolların başqa valyutalara nisbətən müəyyən qədər bahalaşması baş verdi. Ancaq bu hələ son deyil. Əsas məsələ bundan ibarətdir ki, bu dəfə FES 2017-ci ildə uçot dərəcəsini gələn il üçün əvvəlcədən nəzərdə tutulduğu kimi iki dəfə deyil, üç dəfə qaldırmaq qərarına gəldi. Beləliklə, gələn il baza faiz dərəcəsinin orta hesabla 1,375 faizə qədər yüksələcəyi mümkündür. Bu isə olduqca ciddi bir məsələdir. Belə olduğu halda dünya maliyyə sistemində hansı proseslər baş verəcək, bahalı dollar neftin qiymətlərini hansı səviyyəyə qədər enməsinə gətirib çıxaracaq və digər ölkələrin valyutaları, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutaları özlərini necə aparacaqlar? Bütün bu suallara indidən dolğun cavab vermək mümkün deyil. FES-in bu qərarı təbii ki, Azərbaycan manatının da məzənnəsinə müəyyən təsir göstərdi və gələn il uçot dərəcəsində baş verəcək artımlar bütün valyutalar kimi manata da öz təsirini göstərəcək.
Bəs yaranmış vəziyyətdən çıxış yolları nədir? Bu sualindi hər kəsi düşündürür. Hökumət son bir ildən artıq dövrdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək kifayət qədər qərarlar qəbul edib, ölkə iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə inkişafını hədəfləyən yol xəritəsi işlənib hazırlanıb. Bu çox müsbət birhaldır. Lakin unutmaq olmaz ki, bu proqramların hər birinin reallaşdırılması həm daxili və həm də xarici investisiyaların normal axınının təmin ediləcəyi halda mümkündür. Ölkədə maliyyə sabitliyi olmadığı bir halda isə bütün səviyyədən olan investorlar tərəddüd edəcəklər. Bəs bu sabitliyi yaratmağın hansı yolları var? Yaranmış vəziyyətdən çıxışın başlıca yolları hansı addımlardan ibarət ola bilər? İlk öncə milli valyuta - manat tam sərbəst buraxılmalı və bundan dərhal sonra aşağıdakı tədbirlərin görülməsi vacibdir:
-manatın tam sərbəst buraxılmasına qədər əhalinin banklardan xarici valyutada götürdüyü kreditlərdən aztəminatlı ailələrə aid olan 2000 ABŞ dollarına qədər hissəsi bağışlanılmalı, yerdə qalan hissəsi isə güzəştli məzənnə ilə manata çevrilməlidir. Bu addım təbii ki, xarici kredit təşkilatları qarşısında öhdəliyi olan bankların vəziyyətini ağırlaşdıracaq. Lakin bundan qorxmaq lazım deyil. Bundan sonra ölkədə daha 20 bankın bağlanması və onların aktivlərinin satılması yolu ilə xarici borcların ödənilməsi mümkündür;
-xarici valyutada olan əmanətlərin manatla olan əmanətlərə çevrilməsinin və əhalinin manata olan inamının tam bərpa olunmasını təmin etmək məqsədilə manatla olan əmanətlərə görə ilik faiz ödənişini 20%-ə qaldırmaq və manatla olan əmanətləri 10 il müddətinə100 % sığortalamaq lazımdır. Banklar onsuz da kreditləri 25-30 və bundan daha çox faizlə verirlər. Ona görə də əmanətlərə görə faiz ödənişini çəkinmədən 20%-ə qədər artırmaq olar;
valyuta bazarına tam nəzarəti təmin etmək məqsədilə bankların valyuta birjasından aldıqları valyutanın hərəkətinəxüsusi nəzarət sistemi qurulmalıdır. Eyni zamanda valyuta bazarına edilən qeyri-rəsmi basqıların qarşısının alınması üçün ən sərt tədbirlər nəzərdə tutulmalıdır;
-bütün səviyyələrdən olan dövlət xərclərində real qənaət rejimləri tətbiq edilməlidir. Bu gün dövlət büdcəsindən ölkənin müdafiəsi və beynəlxalq müqavilələrlə bağlı xərclər, əmək haqqı və ona bərabər tutulan xərclər istisna olunmaqla bütün digər xərclərin maliyyələşməsi dayandırılmalıdır;
-dövlət müəssisələrində xərclərə tam qənaət rejimi tətbiq edilməli, onların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin maya dəyəri müstəqil şəkildə təftiş edilməlidir. Heç şübhəsiz burada ciddi ehtiyatlar mövcuddur;
-Beynəlxalq Bank başda olmaqla, nəzarət zərfi dövlətə məxsus olan bütün banklar dərhal özəlləşdirilməlidir. Beynəlxalq Bankdakı son olaylar bir daha göstərdi ki, bu məsələdə ləngimək nə deməkdir;
-əhaliyə xidmət göstərən elektrik enerjisi, su, qaz, rabitə xidməti müəssisələri ən qısa zaman kəsiyində elə bir şəkildə özəlləşdirilməlidir ki, ölkədə bu xidmətləri göstərən çoxsaylı özəl müəssisələr yaradılsın və bununla da sağlam rəqabət mühiti formalaşsın. Təkcə taksi xidməti sahəsindəki sadələşmələrin bu xidmətin həm keyfiyyətində və həm də qiymətlərində nə kimi müsbət dəyişikliklərə gətirib çıxardığını hər kəs təsdiq edə bilər. Digər tərəfdən bu sahələrin özəlləşməsi indiki maliyyə çətinlikləri şəraitində dövlət büdcəsinə də kifayət qədər vəsaitlərin daxil olmasını təmin edər;
-sahibkarların normal fəaliyyətini təmin etmək məqsədilə bütün səviyyələrdən olan məmur müdaxiləsinin ardan qaldırılması və bu sahədə məmur-sahibkar münasibətlərin ASAN xidmət sistemi vasitəsilə idarə olunmasına keçidi təmin etmək lazımdır.Bu xidmətlərin tam olaraq ASAN xidmət mərkəzlərinə ötürülməsi, digər tərəfdən büdcəxərclərinəkifayət qədər qənaət etmək demək olacaqdır.
Bu tədbirlərin görülməsi ilk öncə maliyyə sabitliyinin yaranmasını təmin edə bilər, sabitlik yarandığı halda isə iqtisadi aktivliyin yüksəlişi mütləq baş verəcəkdir.